“Tarixin bu cür təqdim edilməsi uzun illər bizə başaşağılıq gətirib”


Azərbaycanın sabiq Prezidentinin mətbuat katibi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Arif Əliyev Demokrat.Az xəbər portalına müsahibə verib. 7gun.org müsahibəni oxuculara təqdim edir:

– Arif bəy, müəllifi olduğunuz “Yalama” sənədli filminin çəkiliş prosesi necə gedir?

– Çəkilişlər bitib, montaj yekunlaşır. Təqribən 2 il əvvəl bununla bağlı işlərə başlamışıq. Burada söhbət 1920-ci ildə Rusiyanın Azərbaycanı işğalı zamanı guya ordumuzun bütövlükdə ruslara təslim olmasından gedir. Ancaq tarixi həqiqət belədir ki, 70-minlik işğalçı qüvvənin qarşısına çıxan hərbi hissələrimiz olub və onlardan birincisi Yalama qarnizonudur. Qarnizonun 350 nəfər əsgəri son nəfəsinədək döyüşüb, həlak olub. Sonradan Yalama qarnizonunun izləri tamamilə itirilib. Saxta təbliğat aparılıb ki, guya həmin vaxtı rus ordusu Azərbaycan xalqının dəvətilə bura gəlib, guya onları güllə-çiçəklə qarşılayıblar və sairə. Tarixin bu cür təqdim edilməsi uzun illər bizə başaşağılıq gətirib. Axı heç cür dərk etmək olmurdu ki, müstəqil bir millətin üstünə işğalçı ordu gəlsin və bu millətin bir dəstə əsgəri də onun qabağına çıxmağa cəhd göstərməsin. Bu necə xalqdır? Təbii ki, belə deyil. Nə vaxtsa bu həqiqət aşkar edilməliydi. Onu gizlətmək üçün hətta ötən əsrin 60-cı illərində şəhid əsgərlərimizin məzarlığı da yox edilib.
Mən bu faktla bağlı Şəmistan Nəzərlinin çıxışından eşitmişdim. Rəhmərlik akademik Ziya Bünyadov isə vaxtı ilə Yalama qarnizonun əsgərlərinə abidə ucaldılmasını təklif etmişdi.
Biz sənədli filmi çəkəndə həmin məzarlığı da axtarırdıq. Nəticəsi film ekrana çıxanda bilinəcək. Çalışırıq ki, noyabrın 20-dək onun təqdimatını keçirək.

“Mahnıların mətnləri şəhid əsgərlərin son məktublarındakı şeirlərdən tərtib olunub”

– Filmin çəkilişləri üçün sponsor çətinliyi yaşadınızmı?

– Belə iş çətinliksiz olarmı? Hər halda, həll etdik. “Əsgərlər unudulanda ölürlər” adlı bu filmi “Aranfilm” Kino Mərkəzi təqdim edəcək. Onun quruluşçu rejissoru Rövşən Almuradlı, bəstəkarı Vaqif Gərayzadə, quruluşçu operatoru Rafiq Əliyevdir. Film tarixi materiallarla çox zəngindir. Ona orijinal musiqi yazılıb. Mahnıların mətnləri şəhid əsgərlərin son məktublarındakı şeirlərdən tərtib olunub. Çəkilişlər Bakıda, Yalamada, Ankarada, Tiflisdə, Moskvada aparılıb. Filmin çox yaxşı heyəti var. Sağ olsunlar ki, onun hazırlanmasında bir çox dövlət və qeyri-dövlət təşkilatları, insanlar bizə kömək ediblər. Əlbəttə ki, filmdə onların hər birinin adı olacaq.

“Tələbə yoldaşlarımdan bu gün Rusiyada nüfuzlu media rəhbərləri var”

– Siz Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunusunuz. Yəqin ki, tələbə yoldaşlarınızın bir çoxu bu gün Rusiya mediasında yüksək mövqe tuturlar. Onlarla əlqələriniz qalırmı?

– Onlardan jurnalistikada qalanları o qədər çox deyil. Ancaq düzdür ki, aralarında bu gün nüfuzlu media rəhbərləri də var.

“İndiki zəif media orqanlarımızla işimizi davam etdirsək, nəinki aprel döyüşləri kimi qələbələrimizi, böyük məbləğdə vəsait xərcləyib keçirdiyimiz beynəlxalq tədbirləri belə dünyaya təqdim edə bilməyəcəyik”

– Azərbaycan xeyli sayda mötəbər tədbirlərə, idman yarışlarına ev sahibliyi edir, dövlət tərəfindən bu işlərin təbliği üçün milyonlarla vəsait ayrılır. Ancaq nədənsə bu istiqamətdə Azərbaycanın dünya və region ölkələri mediasında təbliği kifayət qədər effektli ola bilmir. Biz 2016-cı ilin aprel döyüşləri zamanı da müşahidə etdik ki, Azərbaycan ordusunun hərbi baxımdan üstünlüyü, ümumiyyətlə, bu hadisənin mahiyyəti dünya mediasında ədalətli şəkildə təqdim olunmadı. Əksinə, düşmən tərəf Rusiya və digər ölkələrin mediasında Azərbaycan əleyhinə öz təbliğat kampaniyasını apardı. Bu istiqamətdə hansı işləri görmək olar?

– Əlbəttə ki, xeyli işlər görmək mümkündür. Çətinliklər də az deyil. Məsələn, Rusiya mediasını xatırladınız. Rusiyada KİV-nin dövlətdən asılılığı böyükdür. Hətta, orada bir sıra sahələrdə mediaya nəzarət Azərbaycandakı nəzarətdən də güclüdür. Ona görə də Rusiya KİV-nin, xüsusilə də televiziya kanallarının mövqeyi hökumətin mövqeyindən, verdiyi istiqamətdən çox asılıdır.
Bununla belə, hesab edirəm ki, Azərbaycanın xarici KİV-lərlə işi spontan, hətta deyərdim ki, kustar formada qurulub. Bu sahədə fəaliyyət bir sıra hallarda ayrı-ayrı diaspora təşkilatlarının imkanlarından istifadə etməklə, yaxud hesabat xarakterli birdəfəlik aksiyalar təşkil etməklə həyata keçirilir. Daha çox isə üçüncü dərəcəli media vasitələrinə intestisiya qoyulur, yaxud yeni media vasitəsi yaratmaqla oturuşmuş bazara girməyə cəhd göstərilir. Əlaqəli surətdə, ardıcıl iş aparılmır. Bilirsiniz, beynəlxalq imicin yaradılması, təbliğat, əkstəbliğat məsələlərində uğur - böyük media texnologiyalarının professional tətbiqinin nəticəsidir. Bu texnologiyalar özün haqqında informasiyanın idarə olunmasına imkan verir. Ardıcıl, daimi əsaslarda! Misal üçün, erməni və yəhudilərin dünya KİV-lərinə çıxışları ayrı-ayrı aksiyaların, fərdlərin hesabına baş vermir, hərçənd, bunun da rolunu inkar etmək olmaz. Amma biz mövcud təcrübəni, media texnologiyaları nəzərə alaraq özümüzün də bu sahədə işimizi yeni əsaslarla qurmalıyıq. Söhbət təkcə Qarabağ problemindən getmir. Hər xırda və hər böyük məsələdə - Azərbaycanın Avropaya inteqrasiya prosesində, ətraf ölkələrlə olan münasibətlərdə, ölkənin, onun liderlərinin beynəlxalq imici, lap elə keçirdiyimiz hansısa böyük tədbirin işıqlandırılması məsələlərində bizim bu mexanizmə ehtiyacımız var. Yoxsa ki, dəfələrlə görmüşük, misal üçün, ABŞ-ın “Vaşinqton Post” qəzetində Azərbaycan əleyhinə bir yazı çıxır, Azərbaycan televiziya kanalları da səhərdən-axşama ona “cavab verirlər”. Əjdaha ilə uşağın dalaşması kimi bir şeydir. Beləliklə yalnız özümüzü aldadırıq. Bu gün dünyada işlək media mexanizmləri mövcuddur. Məncə, dediyim mexanizmi qurmasaq, indiki zəif jurnalistikamız və zəif media orqanlarımızla işimizi davam etdirsək, o zaman nəinki aprel döyüşləri kimi qələbələrimizi, böyük məbləğdə vəsait xərcləyib keçirdiyimiz beynəlxalq idman, siyasi, mədəni və hümanitar tədbirlərimizi də istədiyimiz kimi dünyaya təqdim edə bilməyəcəyik. Təsəvvür edin ki, dövlət bu qədər vəsait ayırır, xərc çəkib iş görür ki, ölkənin adı qalxsın, sonda yarıtmaz media dəstəyinə görə bədxahlarımızın səsi bizdən bərk çıxır, çəkilən zəhmət heç olur.
Niyə belə olur? Çünki bu sahəyə cavabdeh olan şəxslər işi düzgün qura bilmirlər, peşəkarlarla işləmirlər, mürəkkəb media texnologiyalarından baş açmırlar, özümüzdə də az-çox beynəlxalq səviyyəyə çıxa biləcək media orqanı qoymayıblar. Nüfuzumuzu zədələyənlərə qarşı gücsüzük. Gücümüz bir-birimizə çatır.
Sonuncu fikrimi dəqiqləşdirməyə ehtiyac görürəm: yalnız şüarlarla, ruhsuz təbliğatla çox şeyi həll etmək mümkün deyil. Təbliğ etməyə real əməllərimizlə yanaşı, metodologiyaları, texnologiyaları bilən, bacarıqlı adamlarımız da olmalıdır. “Xaricdə” güclü olmağımız üçün “daxildə” islahatlara ehtiyacımız var.

“Mediamız kar, kor, alasəy bir hala salınıb”

– Konkret hansı islahatları təklif edirsiniz?

– Ah, bu başıbəlalı “islahat” sözü! Çoxları ondan nahaq çəkinirlər. İslahatsiz, davamlı dəyişikliksiz inkişaf olmur, canlı həyat olmur. “Pis”i “yaxşı”ya çevirmək üçün də, “yaxşı”nı “əla”ya qaldırmaq üçün də ardıcıl islahatlar gərəkdir. Mənim anlamımda, bizim halda inqilabi yox, ardıcıl dəyişikliklər önəmlidir. İnqilabi islahatların belə qeyri-təkmil mühitdə, formalaşmış cəmiyyətdən çox yarıyuxulu kütləni xatırladan toplumda hansı sarsıntılar yarada biləcəyi bəllidir. Amma davamlı islahatlara bütün sahələrdə ehtiyac var. Xüsusilə də bizim media sahəsində. Çünki o, kar, kor, alasəy bir hala salınıb, hələ bir qarşısında mühüm vəzifələr də qoyuruq!!! Hansı medianın? “Diringi” televiziyaların? “ASANradio”nu çıxmaq şərti ilə, üç qram “intellekti” qalmayan radioların? Üç yüz-beş yüz oxucusu olan, əsasən, bazar alverçılərinin meyvə bükməyə istifadə etdikləri qəzetlərin? Gah açılan, gah bağlanan, tez parlayıb tez də sönən saytların? Media oqranı velosoped kimi bir şeydir. O dayana bilməz, dayansa, yıxılacaq. Bu, aksiomadar. Yaxın keçmişə boylanın. Hanı Qafqazların ən nüfuzlu qəzeti “Zerkalo”? Hanı bütün postsovet məkanında gurlayan “Day.az”? Hanı xarici müxbir şəbəkələrinə malik televiziyalarımız? Onlarla beləmi işləmək, yıxıb təzədən qaldırmaq lazım idi ki, indi də bir təkərinin üstündə qalsınlar? Azərbaycanda yeridilən media siyasəti regionun ən güclü, ən varlı informasiya vasitələrini ən zəif, ən kasıb, dünyaya çıxış cəhətdən ən səmərəsiz vasitələr halına salıb. Azərbaycan iqtisadiyyatı, digər əlaqəli sahələr inkişaf edir, ancaq onun mediası əks istiqamətdə geri gedir... Anormal hal yaranıb. Təkrar edirəm: çünki dövlətin media sahəsində yürütdüyü siyasətində medianın təbiətinə yad ciddi mənfiliklər var. Uyğun gəlmir. Bu sahəyə cavabdeh olan şəxslər işi yalnış qurublar.
Ölkədəki televiziya kanallarının milləti kütləşdirmək, abirsizlaşdırmaq, onun dilini eybəcərləşdirmək sahəsində rolu əsasdır. Hətta, hökumətin birinci şəxsləri də bunu görürlər, dəfələrlə qeyd ediblər. Azərbaycan çap kütləvi informasiya vasitələri qəzet qəbiristanlığını xatırladır. Özünə haqq qazandırmaq üçün kimlərsə deyir ki, bu gün qəzetlərin ölən dövrüdür və sairə. Elə deyil. Qəzetlər hələ uzun müddət ölməyəcək. Dünya Qəzetlər Assosiyasiyasının (WAN) sonuncu araşdırmaları da göstərir ki, artıq böhrandan sonra dünyada qəzetlərin nüfuzların qayıtması, tirajlarının artması dövrü başlayır. Hətta ən geniş media şəbəkəsinə malik ölkələrdə də qəzetin nüfuzu və təsir dairəsi bəzi məsələlərdə televiziyadan üstündür. İngiltərədə belə bir ifadə var ki, baş nazir səhər “Sun” qəzetini oxumadan heç bir göstəriş vermir. Qəzetlərdə kübarlıq elementi də var. Onların analtik yükünü heç bir başqa KİV daşıya bilmir. Bu gün bunlardan hansını bizim qəzetlərə aid edə bilərsiniz? Onlar guya dövlət himayəsinə götürülüblər, reallıqda isə elə hala salınıblar ki, həm tirajına, həm reklamına, həm təsir dairəsinə görə, uzağı demirəm, ən yaxın qonşularımıza - erməni və gürcü qəzetlərinə uduzurlar. Axı Azərbaycan bütün resurslarına görə onlardan çox irəlidir!

“Medianın inkişafına görə Cənubi Qafqaz ölkələri arasında sonuncu yerdəyik”

– Siz bunu hansı statistikaya əsaslanıb deyirsiniz?

– Ənənəvi statistik göstəricilərə əsaslanıram. Məsələn, mediada reklamın başlıca ölçü meyarlarından biri: ölkə əhalisinə bölünən, adambaşına düşən KİV-ə reklamın miqdarı. Cənubi Qafqaz ölkələri arasında sonuncu yerdəyik. Bu gün Azərbaycanda reklam bazarı tamam zəiflədilib, qalanı da faktiki monopoliyadadır. Səlahiyyəti çatanlar onu hara istəsələr yönəldə bilirlər. Digər tərəfdən, mən reklam sifarışçilərini də başa düşürəm. KİV-nin nüfuzu olmadığı üçün əksər iş adamları reklam vermək istəmirlər. Ölü qəzetin nəyinə reklam versinlər? Gündəlik nəşrlərin real satış tirajları 500-1000-dən yuxarı qalxmır. Halbuki, vaxtilə 20-30 min tirajla çıxan qəzetlərimiz axşama qalmırdıar.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF), oradan isə həmin qəzetlərə ayrılan iri büdcə vəsaitləri isə redaksiyalar arasında bölünür. Hətta gedib Fondun rəhbərinin müsahibələrinə baxsanız da görəcəksiniz ki, 30-40 qəzet arasında məhz “bölünür”. Məgər o, “hər bacıya bir sırğa” prinsipi ilə bölünmək üçün ayrılır? Pay-püşlə media inkişaf edər? Əlbəttə ki, onlar da həmin vəsaitdən məhrum olmamaq üçün “sürüdən” ayrı düşməməyə, göstərişdən kənara çıxmamağa çalışırlar. Özünün qazana bilmədiyi ildə 120 min manatı kim əldən vermək istəyər? Hələ bəziləri iki qəzetə pul alırlar. Ona görə də sakitcə otururlar. Mahiyyət etibarı ilə bu, təşəbbüs göstərməyə, dəyişməyə görə yox, dinc durmağa, dəyişməməyə görə verilən “haqq”dır. Nəticədə isə media sahəsində rəqabət və bazar yoxdur. İndi belə şəraitdə media inkişaf edər? Medianın nə qədər başqa yükü olsa da, o özü bazar elementidir. Yəni, normalda media bazardan asılıdır.
Axı KİVDF “pay-püş” üçün yox, mediada islahatlara, inkişafa yardım üçün yaradılıb! Bununla bağlı Prezidentin ilk fərmanının adını, özünü oxusanız, görərsiniz ki, orada tamam ayrı məsələlər yazılıb. Bəs inkişaf nədən ibarətdir? Hər il Fonda təkcə qəzetlərə təxminən 2,5 milyon manat ayrılır. Vəsait qardaş malı kimi bölünür (kiçik və böyük qardaşlar fərqləndirilməklə), baş redaktorlar gedib problemlərini həll edirlər, sıravi jurnalistlərə də nəsə çatır. Arada Fond ev tikir, mənzil paylayır. İllər ötür. Gürcüstan qəzetləri rəngli çıxmağa, reklam artdığına görə həcmlərini böyütməyə, ingilis dilində nəşrlər buraxmağa, xarici müxbir şəbəkələri yaratmağa başlayırlar. Azərbaycanda isə rəngli qəzetlər dayanır, tirajlar daha da düşür, reklam bazarı dəfələrlə, dəfələrlə azalır, jurnalistlərin həyat, iş şəraiti dəyişmir. Bu illər ərzində Fonddan on milyonlarla dollar pul xərclənib. O qədər vəsaitlə elə böyük layıhələr həyata keçirmək, çap və yayım sistemini tam müasirləşdirmək, ölkə mediasının maddi-texniki bazasını ən yüksək standrtlara çıxartmaq olardı...
Üstəlik, Azərbaycanın xaricdə tanınmasına dəstək olan güclü KİV-lər yaratmaq, beynəlxalq şəbəkə formalaşdırmaq mümkün idi. Amma bu gün bunların heç biri yoxdur. Azərbaycanın xaricdə təmsil olunan ən böyük media orqanı, yəqin ki, AzərTAC dövlət agentliyidir. Onun xarici bürolardakı əməkdaşlarına baxın, görün, aralarında heç olmasa oturduğu ölkənin dilini bilən çoxmudur? Ümumiyyətlə, media sahəsində hansı göstəriciləri var? Hərəsi bir məmurun qohumu olduğu üçün tapşırıqla xaricə göndərilib. Bu boyda imkanı əldən buraxıb, bu boyda resursu zay edib kənarda resurs axtarırıq. Sonra da şikayətlənirik ki, filan ölkədə oturmuş bir jurnalist Azərbaycanı aləmdə biabır edir, tədbir görmək lazımdır. Deyən gərək ki, bizim də orada “media səfirimiz” var axı, özü də hər cür imkanlarla, dövlət təminatı ilə. Şimal ölkələrin birinə təyin olunmuş belə xarici müxbirimizdən – “media səfirimizdən” soruşdum ki, yerli dili niyə öyrənmirsən? Dedi, tərcüməçim var, qəzetlərdən həftədə 2-3 xəbər tərcümə edir, göndərirəm, bəsimdir. İndi özünüz fikirləşin, bu vəziyyətdə islahatsız necə irəliləmək olar? Yanaşma tərzini dəyişmədən ciddi iş qurmaq mümkündürmü? Elə mexanizm yaratmaq lazımdır ki, bütün “media səfirləri” nəinki bir-birləri ilə, əsas yerli mənbələrlə də əlaqəli olsunlar. Elə media texnologiyaları tətbiq olunmalıdır ki, mexanizm lazım gələndə bir düyməni basmaqla işə salına bilinsin. İnandırım ki, öhdəsindən gələ bilməyəcəyimiz məsələ deyil. Türkiyə mediası ötən sərin 70-ci illərində bizdən də pis vəziyyətdə idi. Amma qısa tarixi zamanda vəziyyəti düzəldə bildilər. Nəticədə 80-ci illərdə Türkiyə mediası Avropanın güclü KİV-ləri sırasına düşə bildi. Sadəcə, iradə, professionallıq və ardıcıllıq olmalıdır.
Bizim indiki media siyasətimiz ölkə üçün də, dövlətin rəhbərlərinin özləri üçün də zərərlidir, müsbət imicə işləmir.
Təsəvvür edin ki, ənənəvi medianı bu vəziyyətə salan adamlar indi də yeni medianın, saytların üzərində eyni “cərrahiyyə əməliyyatı” aparmaq istəyirlər. Son vaxtlar Milli Məclisdə, Mətbuat Şurasında internet mediası ilə bağlı səsləndirilən təkliflər təsadüfi deyil: yeni qanunlar qəbul olunsun, onlar da Fondun “maliyyə iynəsinə” otuzdurulsun və s. Belə media siyasəti pöhrələnən ağacın dibinə tökülən sabunlu su kimi bir şeydir, onu qurudacaq.

“Medianın zəiflədilməsi nəticədə dövlətçilik üçün yeni təhlükələr yaradır”

– Vaxtilə Azərbaycan Mətbuat Şurasının yaradılmasını təklif edən əsas şəxslərdən olmsunuz. Amma bu gün Mətbuat Şurasının fəaliyyəti sizi qane etmir. Münasibətlərdəki qırılmalar haradan başladı?

– Əsas qırılma Mətbuat Şurası sədrinin əvəzolunması məsələsindən başladı. Dəyişiklik inkişafın başlıca şərtidir. Xüsusilə də bu cür dinamik sahələrdə. Mətbuat Şurasının İdarə heyəti ilə ilk mübahisəm sədrin öz postunda qalması üçün məhdudiyyətin aradan qaldırılması məsələsi zamanı yarandı. Qəti şəkildə buna qarşı çıxdım. Hələ o vaxt açıq-aydın görürdüm ki, bu Şuranı da, Azərbaycanın çap mediasını da uçuruma aparır. Təklifin arxasında dövlət rəsmisinin dayanması məsələni həll etdi. O, məntiqə də, qanunlara da zidd gedərək təklifini keçirtdi. Yaxşı yadımdadır ki, Mətbuat Şurasının Qurultayında əvvəldən sonadək oturub Nizamnaməni pozan qərarın qəbul olunmasını gözlədi. Beləliklə, Mətbuat Şurasında böyük çat yarandı. Mən həmin məmura “Bundan sonra bu zaldakıların hamısı sizin oldu” deyib qurultaydan çıxdım. Çünki mətbuatımızın hara getdiyi artıq bəlli idi.
İndi də növbəti cəhd göstərilir: Mətbuat Şurası haqqında xüsusi qanun qəbul edilsin, bu quruma nazirlik statusu, əlavə səlahiyyətlər verilsin. Axı nə səlahiyyət istəyirsiniz? KİV-ləri, jurnalistləri pulla cərimələmək? Məgər mətbuatı cərimələyənlərin sayı azdır? Mətbuat Şurasının ən böyük səlahiyyəti onun qazandığı hörmətidir, KİV-nin onun arxasında dayanmasıdır, onunla hesablaşmasıdır. Bu, Mətbuat Şuralarının fəlsəfəsidir. Çox təəssüf ki, Azərbaycan Mətbuat Şurası bu fəlsəfədən uzaqlaşıb. Onu özünütənzimləmə orqanından dövlət qurumuna çevirməyə çalışırlar. Hətta, bununla bağlı Prezidentə təkliflər verirlər. Axı belə halda bunun harası özünütənzimlənmə olacaq?
Görünən odur ki, media sahəsinə cavabdeh olan adamlar medianı bu günə qoymaqla ölkəyə də, onun rəhbərliyinə də əslində zərər vururlar. Çünki bu cür hallar jurnalistlər üçün də, onun vətəndaşları üçün də, Prezidenti üçün də sonda yalnız problemlər yaradır. İqtisadiyyat, maliyyə sistemi, hərbi güc kimi, azad media da müstəqilliyin əsas dayaqlarından biridir. Medianın zəiflədilməsi nəticədə dövlətçilik üçün yeni təhlükələr yaradır. İnformasiya əsrində buna azmı misal görmüşük?
İnanın ki, mən bütün bunları söyləyəndə Mətbuat Şurasının İdarə Heyətinin əksər üzvləri təklikdə razılaşırlar. Deyirlər, elə bilirsiniz, sizi başa düşmürük, kimin bizi bu kökə saldığını görmürük? Amma bir yerə yığılanda az qalırlar, adamın üstünə qabarsınlar. Məncə isə, ən böyük təhlükə sənin ovcundan yeyib, ürəyində kin saxlayan adamlardır. Çünki onlar yaxşı başa düşürlər ki, medianı kimlər pis vəziyyətə salıblar. Şurada elə baş redaktor var ki, 20 il əvvəl mənə deyirdi, qəzetimizə reklam kimi 6 avtomobil veriblər, bilmirik, onları neyləyək? İndi maşınını dəyişmək üçün Fondun yardımına möhtac qoyulub. Kim xoşlayar?!

“Mən Mətbuat Şurası İdarə Heyəti üzvlərinə dəfələrlə demişəm ki, o ifadəni işlətməyin!”

– Reketçiliklə məşğul olan KİV-lərə qarşı mübarizə uzun illərdir ki, aparılsa da, amma hələlik problem həllini tapmayıb. Bu problemin həllini nədə görürsünüz?

– Ümumiyyətlə, reketçilik məsələsi medianın problemi deyil. Heç yerdə “reket jurnalistikası” deyilən bir anlayış yoxdur. Biz tez-tez oxuyuruq ki, filan polis ayrı-ayrı adamlara hədə-qorxu gəlməklə pul alıb, filan həkim yalan diaqnoz qoyub pul tələb edib və sairə. Məgər biz “reket polisi”, “reket həkimliyi” deyirik? Yaxud da müəllimlər məktəbdə uşaqlara dərs keçmir ki, uşaq repetitor yanına getsin. Bu da soyğunçuluğun bir növüdür. Bəs nə üçün “reket jurnalistikası” deməliyik? Əgər kimsə reketçilik edibsə, hüquq-mühafizə orqanları qoy onu tutsun. Daha burada jurnalistikanın adı niyə hallandırılır? Niyə Mətbuat Şurası bütövlükdə peşəni bu cür gözdən salır?
Mən Mətbuat Şurası İdarə Heyəti üzvlərinə dəfələrlə demişəm ki, o ifadəni işlətməyin. Görünür ki, bunu Azərbaycanda jurnalistikanı gözdən salmaq üçün məqsədli şəkildə edirlər.

“Bu gün efirə çıxarılan adamların böyük qismini heç kəs evinndə məclisinə buraxmazdı”

– Azərbaycanda ən çox tənqid olunan sahələrdən biri yerli televiziya kanallarında yayımlanan bayağı şou verilişlərlə bağlıdır. Bir çox insanlarımız yerli televiziya kanallarına baxmadığını deyir. Bəs sizə necə, baxırsınızmı?

– İnsanlarımızın yerli telekanallardan üz çevirməsinin böyük fəsadları ola bilər. Çünki araşdırmalara görə, internet dünyada nə qədər populyar olsa da, insanların 70-90 faizi hələ də televiziyanı əsas informasiya mənbələrindən biri hesab edir. Yəni, insanlarımızın yerli telekanallardan üz çevirməsi o demək deyil ki, onlar heç bir televiziya kanalına baxmırlar! Əvəzində Rusiya, Türkiyə və Qərb telekanallarına baxırlar. Bu isə Azərbaycanın informasiya təhlükəsizliyi, milli təhlükəsizliyi baxımından təhdidlər yarada bilər. İnformasiya - milli təhlükəsizlik və milli inkişafla sıx bağlı olan məsələdir. Məhz buna görə neçə ildir ki, bütün Avropa əl-ayağa düşüb, Rusiya təbliğat maşınının qarşısını necə almağı düşünür. Ona görə dövlət belə məqamları xüsusi nəzərə almalı və müvafiq işlər aparmalıdır.
Digər tərəfdən, bu gün Azərbaycan telekanallarının efirləri həqiqətən biabırçılıqlarla doludur, cəmiyyətin zövqünü korlayır. Telekanallar efiri pul tələsinə çevriliblər. Peşəkarlıq aşağı səviyyədədir və getdikcə standartlar zəifləyir. Bu gün yerli telekanallarımızda efirə çıxarılan adamların böyük qismini adam evində heç məclisinə də buraxmazdı.
Bunları özümün, mən düşüncəli adamların efirə yolu bağlı olduğu üçün acıqla demirəm, ürək yanğısı ilə deyirəm. Baxışlarımızdan, yanaşma tərzindən asılı olmayaraq, bir Vətənə, bir millətə bağlıyıq. Hamımız istəyirik ki, Azərbaycanın gələcəyi firavan olsun, övladlarımız gözəl, sabit, təhlükəsiz ölkədə yaşasınlar. Biz nöqsanları əvvəlcədən görüb deyirik ki, sonra onlar nə idarə olunanlar, nə idarə edənlər üçün problemə çevrilməsin, Azərbaycanın adı mənfi məsələlərdə hallanmasın, yaxşılığa çəkilsin. Bir neçə il əvvəl Bayılda Azərbaycanın bayrağı ucaldılmışdı – dünyada ən hündür bayraqlardan biri. Biz xaricdə konfransda idik. Eşitdik ki, həmin bayrağı külək cırıb. Bəzilərinin kinayəli baxışları altında, inanın ki, həmin an utandığımızdan az qala masanın altına girmək istəyirdik. Çünki bu, bizim hamımızın ortaq bayrağımızdır. O bayrağın həmişə uca qalması üçün istəyirik ki, hər o hər zaman güclü əllərdə olsun, hər iş peşəkara tapşırılsın.
Düşünürəm ki, Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi və problemlərinin ədalətli həllinə nail olmaq üçün birlikdə çox işlər görə bilərik. Bununla bağlı təkliflərimizi və köməyimizi heç vaxt əsirgəməmişik. Sadəcə, bəziləri qəbul etməyiblər.

“Görünür, bu qapalılıq, “körpü”nün olmaması kiməsə lazımdır”

– Mərhum prezidentlər Əbülfəz Elçibəyin və Heydər Əliyevin dövründə onların mətbuat xidmətləri jurnalistlərlə daha intensiv görüşlər keçirirdi. Amma indi bir qədər fərqlidir...

– Bəli, fərqlidir. Görünür, bu qapalılıq, “körpü”nün olmaması kiməsə lazımdır. Bəlkə də, özünü Prezidentə “körpü” kimi təqdim etmək, “bu işdə mən əvəzsizəm” demək və yaranmış boşluğu istədiyi kimi doldurmaq üçün. Amma ən asan aradan qaldırılması mümkün olan məsələlərdəndir.

“Bizim gəncliyə arxalanmaqdan savayı inkişaf yolumuz yoxdur”

– Son vaxtlar yüksək vəzifələrə gənc və xarici ölkələrdə təhsil almış kadrlara üstünlük verilir. Necə düşünürsünüz, belə kadrlarla nöqsanlı sahələrdə irəliləyişlər əldə etmək olacaq?

– Bəli, mən də gənc kadrların yüksək vəzifələrə təyinatı ilə bağlı xəbərlər və həmin təyinatlarla bağlı müsbət fikirlər eşidirəm. Onların haqqında mənfi rəylər söyləyənlər də var. İstənilən halda dəyişikliklər olmalıdır. Dəyişiklik olmadan inkişaf qeyri-mümkündür. Hətta, nöqsanlar yaransa belə, mütləq bu xətt davam etdirilməlidir. İnkişafın məntiqi odur ki, nə isə dəyişsin, təkmilləşsin.
Ümumiyyətlə, bizim gəncliyə arxalanmaqdan savayı inkişaf yolumuz yoxdur. İnsanlara şans vermək lazımdır ki, öz bacarıqlarını göstərsinlər və məsuliyyətlərini dərk etsinlər. Amma unudulmamalıdır ki, bu, bir sistemdir. Gərək proses paralel getsin, köhnə fikirlər arxada qalsın. Bəzi sahələrdə bu kimi dəyişikliklər, bəlkə də, yarımçıq olduqları üçün istənilən effekti vermir. Amma bütün hallarda gəncliyə istinad etmək və onun potensialından yararlanmaq təqdirəlayiq addımdır.
Yaxşı bir ifadə var ki, azadlıq olmayan yerdə məsuliyyət yoxdur. Həqiqətən belədir. Vaxtilə bizim əksər KİV-lərin azadlıqları olduğu üçün öz məsuliyyətlərini dərk edirdilər. Amma bu gün mətbuat nə ölkə, nə də öz kollektivi qarşısında məsuliyyət hissi keçirmir. Hərənin öz qiyməti, cızılmış cığırı var və bunu özləri də anlayırlar.