Müstəqil hüquqşunaslar Fərəc Quliyevin əməllərində cinayət tərkibinin olduğunu deyir
Azərbaycanın Mərkəzi Seçki Komissiyası çərşənbə günü keçirilən iclasında deputatlığa namizəd Fərəc Quliyevə digər namizəd Mehman Hüseynovu şirnikləndirmək cəhdinə görə xəbərdarlıq edib.7gun.org Turan.az-a istinadən xəbər verir ki, Hüseynov Quliyevin qeydiyyatını ləğv etmək xahişi ilə MSK-ya şikayət təqdim edib. MSK-nın ekspert qrupu qanunvericilik pozuntusunun olub-olmadığını araşdırıb və hər iki tərəfin mövqeyini dinləyib.
Fərəc Quliyev öz izahatında bildirib ki, Hüseynova pul təklif etməyib, yayılan səs yazısı isə montajdır.
Nəhayət, MSK Fərəc Quliyevə xəbərdarlıq etmək qərarı qəbul edib. Bu zaman MSK sədri Məzahir Pənahov bildirib ki, bu, "yekun qərar deyil". Onun sözlərinə görə, prokurorluq da baş verənləri araşdıracaq və prokurorluğun araşdırmasının nəticələri nəzərə alınmaqla yekun qərar qəbul ediləcək.
Xatırladaq ki, Quliyev fevralın 9-da keçiriləcək parlament seçkilərindən namizədliyini geri götürməsi üçün Hüseynova 15 min manat təklif edib.
Müstəqil hüquqşünaslar birmənalı olaraq bildiriblər ki, Quliyevin əməllərində cinayət tərkibi var və onun namizədliyi ləğv edilməlidir.