Ali Məhkəmə jurnalistin barəsində qərarı qüvvədə saxladı


Çərşənbə günü Azərbaycan Ali Məhkəməsində Hafiz Nəsibovun sədrliyi ilə bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyli barəsində hökmdən verilmiş kassasiya şikayətinə baxılıb.

7gun.org Turan.az-a istinadən xəbər verir ki, vəkil Osman Kazımov bəraətverici əsaslarla jurnalistin cinayət təqibinə xitam verilməsini xahiş edib. Amma məhkəmə şikayəti təmin etməyib.

Mustafa Hacıbəyli Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətində olduğunu bildirib.

Xatırladaq ki, bu il fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsi Hacıbəylini CM-in 309 (vəzifə səlahiyyətlərini aşma) və 281-ci (dövlət əleyhinə çağırışlar) maddələri ilə təqsirli bilərək, 2 il sınaq müddəti olmaqla 5,5 il müddətinə azadlıqdan məhrum edib.

2018-ci il iyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması barədə İnternetdə yayılan "yalan məlumatlar" və "qanunsuz çağırışlar"la bağlı cinayət işi qaldırıb. Bundan sonra prokurorluq "bastainfo.com", "criminalaz.com", "topxeber.az" və "fia.az" saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət edib.

Öncə M.Hacıbəyli şahid kimi keçib. Lakin noyabrın 30-da o, müttəhim statusuna keçirilib. Ona qarşı CM-in 281.2 (dövlət əleyhinə yönələn çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Redaktorun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. O, bütün ittihamları rədd edib.

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir, "Sərhədsiz reportyorlar" təşkilatı və digər beynəlxaq qurumlar jurnalist barəsindəki hökmü pisləyiblər.