Dilqəm və Şahbazla bağlı ŞAD XƏBƏR


Avropa Şurası erməni hərbi birləşmələri tərəfindən girov götürülmüş azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müsbət qərarını yaxın vaxtlarda açıqlayacaq.

7gun.org Trend-ə istinadən xəbər verir ki, bunu Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəkili, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Kollegiya sədri bildirib ki, Ermənistan tərəfi Avropa Şurasından bu ilin mart ayına qədər vaxt istəmişdi:

“Mart ayına qədər Ermənistan tərəfi öz mövqeyini bildirməli idi. Avropa İnsan Haqları Məhkəməsi də onlara bu vaxtı vermişdi. Artıq aprel ayıdır. Mən tam əminliklə deyə bilərəm ki, qısa zaman ərzində məsələ öz həllini tapacaq”.

O vurğulayıb ki, yaxın müddətdə Avropa İnsan Haqları Məhkəməsi öz qərarını elan etməlidir:

“Çünki işin gedişatı, icraat bunu deməyə əsas verir. İş artıq yekunlaşmaq üzrədir. Əminəm ki, bu iş üzrə bizim ədalətli mövqeyimiz nəzərə alınacaq, Şahbaz Quliyev və Dilqəm Əsgərovun hüquqları müdafiə olunacaq və ədalətli, doğru qərar qəbul ediləcək”.

A.Bağırov qeyd edib ki, Avropa İnsan Haqları Məhkəməsi qərar çıxarsa, Ermənistan tərəfinin bu qərarı icra etməmək imkanı yoxdur.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.