Jurnalist Azərbaycan hökumətindən şikayəti ilə bağlı qərarını elan edib


Yanvarın 10-da Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist Xədicə İsmayılovanın Azərbaycan hökumətindən şikayəti ilə bağlı qərarını elan edib.

Bu iş X. İsmayılovanın videogörüntülərinin yayılması nəticəsində CM-in 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığını pozma) ilə açılmış cinayət işi üzrə icraatın effektiv araşdırılmamasından verilən şikayətlə bağlıdır.

Avropa məhkəməsi Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin pozulduğunu tanıyıb.

Məhkəmə Konvensiyanın 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması) üzrə şikayəti araşdırmağa ehtiyac görməyib.

Bununla da məhkəmə jurnalistə mənəvi zərərə görə 15000 avro, məhkəmə xərclərinə görə 1750 avro ödənilməsini müəyyən edib.

Xədicə İsmayılova 2005-ci ildən təhqiqat jurnalistikası ilə məşğul olur və xüsusən də "Azadlıq" radiosu üçün hazırladığı materiallarda Azərbaycan hakimiyyətini sərt tənqid edib. O 2010 və 2012-ci illərdə Azərbaycan prezidenti və ailəsinin iddia olunan korrupsiya əməlləri barədə materiallar hazırlayıb.

X.İsmayılova 2012-ci ildə şəxsi həyatına aid video ilə şantaj edilib. Ona göndərilən məktubda fəaliyyətini dayandırması tələb edilirdi.

2013-cü ildə daha iki şantaj videosu İnternetə qoyulub. Bunun ardınca dövlət nəzarətində olan üç qəzet X.İsmayılovanı qeyri-peşəkarlıqda, hökumətə qarşı qərəzdə və əxlaqsızlıqda ittiham edən yazılar dərc edib.

X. İsmayılova mənzilində ondan xəbərsiz quraşdırılmış çox sayda kamera, çəkilişi ötürən transmitterlər və ikinci telefon xəttini aşkar edib.

Prokurorluq orqanları bununla əlaqədar X. İsmayılovanın ərizəsi ilə bağlı cinayət təhqiqatına başlayıb və jurnalistin dövlət "Baktelekom" şirkətinin mühəndisindən ifadə alınması barədə ricasını qəbul edib.

Sözügedən mühəndis X. İsmayılovanın mənzilində ikinci telefon xəttini göstəriş əsasında çəkdiyini etiraf edib. 2012-2013-cü ildə hakimiyyət orqanları jurnalistə göndərilmiş hədə məktubuna və onun içindəki fotoşəkillərə dair təhqiqat aparılmasına göstəriş verib.

X. İsmayılovanın təhqiqatın səmərəsiz aparılması barədə şikayətinə cavab olaraq prokurorluq orqanları 2012-ci ilin aprelində dərc etdiyi məlumatda bildirib ki iş üzrə X.İsmayılovanın dostları, həmkarları və ailə üzvləri də daxil olmaqla, bir sıra şahidlərdən ifadələr alınıb.

Bunun ardınca X. İsmayılovanın verdiyi şikayətdə qeyd olunur ki, prokurorluğun məlumatında onun şəxsi həyatına, həmkarlarına və dostlarına aid şəxsi məlumatlar açıqlanıb. Jurnalistin bu şikayəti də, sonrakı müraciətləri də nəticəsiz qalıb.

Bundan sonra 2013-2014-cü illərdə X.İsmayılova prokurorluq orqanlarının təhqiqatı uzatmasına dair ölkə məhkəmələrinə bir neçə dəfə uğursuz nəticələnən şikayətlər verib.

Avropa Şurası mətbuat xidmətinin məlumatında xatırladılır ki, X. İsmayıliova Avropa İnsan Hüquqları Məhkəməsinə 2014-cü ildə həbsinin qanunsuzluğu ilə bağlı ayrıca ərizə ilə müraciət edib.

Turan