"Karmen" operasının növbəti tamaşası keçirilmişdir-Mədəniyyət
Yanvarın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli fransız bəstəkarı Jorj Bizenin "Karmen" operasının növbəti tamaşası keçirilmişdir. Anşlaqla baş tutan tamaşada Karmen partiyasını Teatrın aparıcı solisti, Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı Fidan Hacıyeva ifa etmişdir. Tamaşada çoxlu sayda yaradıcı ziyalılar, xarici vətəndaşlar, diplomatlar və bomond iştirak etmişlər.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından 7gun.org-a verilən məlumata görə, vokalçıların parlaq ifaları, zəngin dekorasiya və kostyumlar və teatrın baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyevin idarə etdiyi orkestrin yüksək professional ifası və nəhayət operanın möhtəşəm musiqisi tamaşanı daha baxımlı etmişdir.
Baş rolun ifaçısı Fidan Hacıyeva ilə yanaşı tamaşanın digər iştirakçıları - Xalq artistləri Əli Əsgərov (Suniqo), Gülnaz İsmayılova (Fraskita) , Əməkdar artistlər Fərid Əliyev (Xoze), İlahə Əfəndiyeva (Mikaela), Cahangir Qurbanov (Eskamilio), Tural Ağasıyev (Dankayro), Əliəhməd İbrahimov (Remendado), solist Nina Makarova (Mersedes) böyük ustalıq nümayiş etdirmişlər.