AXCP və Müsavat Partiyası 19 yanvar mitinqinin iştirakçılarının təqib olunduğunu bildirirlər


Müxalifətın 19 yanvar mitinqinin iştirakçıları son günlər kütləvi şəkildə polis bölmələrinə çağırılır. Bunlar əsasən Milli Şuranın üzvləri, Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının onlarla tərəfdarıdır.

Müsavat Partiyası ölkəboyu polisə çağırılmaları vətəndaşların fundamental hüquqlarının pozulması kimi qiymətləndirib.

Müsavat Partiyası hakimiyyətlə razılaşdırılmış mitinqdə iştiraka görə vətəndaşlara təqiblərə dərhal son qoyulmasını və toplaşma azadlığının reallaşması ilə bağlı həbs olunanların azadlığa buraxılmasını tələb edib.

Partiyanın bəyanatında deyilir ki, mitinq ərəfəsində partiya fəalı Elman Rüstəmov da həbs edilib.

Mitinqdən sonra ölkənin müxtəlif regionlarında yerli hakimiyyət və polis nümayəndələri partiya fəallarına telefon edərək onların polisə gəlməsini tələb edir, onları mənəzi təzyiqlərə məruz qoyur.

Digər fəal Elvin Abdullayev dünəndən Xətai Rayon Polis İdarəsində saxlanılır.

Partiya hesab edir ki, hakimiyyət bu cür metodlarla ifadə azadlığını pozur, cəmiyyəti qorxutmaq və növbəti mitinqlərin kütləviliyinin qarşısını almağa çalışır.

Öz növbəsində AXCP lideri Əli Kərimli son günlər 26 nəfər partiya funksionerinin həbs olunduğunu bildirib.

"Saysız-hesabsız adamlara zəng edirlər, "mitinqə getməyin" deyirlər. Kimi qorxuda bilirlərsə, onu hədələyirlər, kimdən sərt cavab alırlarsa, ondan xahiş edirlər ki, daha mitinqə getməsin", - o, Facebook səhifəsində yazıb. "Sadə iştirakçıları hədələsələr də mitinqin təşkilatçılarını inzibati həbsə alırlar", - o vurğulayıb.