Vəkil Elçin Sadıqov barəsində intizam icraatına xitam verilib
Vəkillər Kollegiyası baş prokurorun birinci müavini Rüstəm Usubovun müraciəti əsasında vəkil Elçin Sadıqovun barəsində başlanmış intizam icraatına xitam verib.7gun.org xəbər verir ki, bu barədə
Turan-a E.Sadıqov özü məlumat verib.
Kollegiya həmçinin onun vəkillik fəaliyyətinin fərdi formada (vəkil bürosunun tərkibində iştirak etmədən) davam etdirilməsi ilə bağlı müraciətini də təmin edib. Bundan əlavə, E.Sadıqov Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunmuş medalla layiq görülüb. O bu qərarlara kollegiya rəhbərliyinə təşəkkür edib.
Xatırladaq ki, E.Sadıqov hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulmasına dair videogörüntü ilə bağlı Facebook-da şəxsi fikrini ifadə etdiyinə görə baş prokurorun birinci müavini onu cəzalandırmaq istəmişdi. Belə ki, E.Sadıqov ehtimal edib ki, hüquq müdafiəçisi avtomobillə qəsdən vurulub.