Beynəlxalq təşkilatlar vəkillərlə bağlı çağırış edib
7gun.org-ın Turan.az-a istinadən məlumatına görə dörd beynəlxalq təşkilat Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərərək 27 noyabr 2019-cu il tarixində vəkil-hüquq müdafiəçisi Şəhla Hümbətovanın barəsində qəbul edilmiş intizam tədbirlərini pisləyib.Ş.Hümbətovanın vəkillikdən uzaqlaşdırılması Vəkillər Kollegiyası Rəyasət Heyətinin vəkillik fəaliyyətini sistematik olaraq “pozması”nın, azərbaycanlıların hüquqlarının pozulduğu təqdirdə onları hüquqi müdafiə vasitələrindən məhrum etməsinin daha bir əlaməti oldu, məktubda deyilir.
Son illər daha çox sayda müstəqil vəkil siyasi işlərdə, xüsusilə insan hüquqlarının pozulmasına dair işlərdə iştirak etdiklərinə görə təqiblərə məruz qalıblar və işdən azad ediliblər.
Ş.Hümbətova da bu işlərdə iştirak edirdi, ona görə də təzyiqə məruz qalıb.
Əsasən 2019-cu ilin yanvarında bloger və siyasi məhbus Mehman Hüseynovun səhhətinin pis olduğunu bildirdikdən sonra təhdid edilib.
Ş.Hümbatova çox sayda yüksək vəzifəli azərbaycanlı siyasi məhbusu müdafiə edib və hazırda 2018-ci il Gəncə iğtişaşları üzrə bir neçə müttəhimi müdafiə edir, amansız işgəncələr, məcburi etiraflar və uydurma ittihamlar barədə məlumatlar verir.
Vəkillər Kollegiyası bundan öncə də öz üzvlərini təqib edib, Yalçın İmanov, Əlaif Həsənov, Xalid Bağırov, İradə Cavadova və başqalarını lisenziyadan məhrum edib.
“Hər yeni işdən çıxarılma, kənarlaşdırılma və ya töhmət Vəkillər Kollegiyasının istənilən üzvü üçün insan hüquqlarının müdafiəsi ilə məşğul olmamaq barədə xəbərdarlıq olur”, - müraciətdə qeyd edilir.
Müraciəti imzalayanlar Vəkillər Kollegiyasını Ş.Hümbətovanın və əvvəllər əsassız olaraq lisenziyadan məhrum edilmiş digər vəkillərin lisenziyalarını bərpa etməyə çağırırlar.
“Biz həmçinin Azərbaycan hökumətini hüquqşünasların müdafiəsi ilə bağlı beynəlxalq standartlara, o cümlədən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta, Avropa İnsan Hüquqları Konvensiyasına və BMT-nin vəkillərin rolu haqda əsas prinsiplərə əməl etməyə çağırırıq”, - sənəddə deyilir.
Müraciəti Civil Rights Defenders, Freedom House, International Partnership for Human Rights, Lawyers for Lawyers imzalayıblar.