Azərbaycan QHT-lərin hüquqlarının pozulduğu ölkələr sırasındadır
Ötən il bir çox hökumət məhdudlaşdırıcı qanunlar tətbiq etməklə, bürokratik əngəllər və həbs təhlükəsi yaratmaqla QHT-lərə hücumları artırıb. Bu barədə Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatının "Susmağa məcbur etmək üçün hazırlanan qanunlar" adlı yeni hesabatında bildirilir.Hesabatda Azərbaycan QHT-lərin hüquqlarının pozulduğu ölkələr sırasına daxil edilib.
"Azərbaycan, Çin, Rusiya kimi ölkələrdə QHT-lərin qeydiyyatı və hesabatlılığı ilə bağlı tələblər hazırlanıb. Həmin tələblərə əməl etməməyin cəzası həbsdir. Hüquq müdafiəçisi Rəsul Cəfərov bunun nə olduğunu yaxşı bilir", - sənəddə deyilir.
"İnsan Hüquqları Klubunda fəaliyyətimə, nümayişlərdə iştirakıma görə məni həbs etdilər", - bir il yarım həbsxanada qaldıqdan sonra 2016-cı ilin martında azadlığa buraxılmış R.Cəfərov deyib.
"Həbs olunanlar təşkilatı bağlamağa, layihələri dayandırmağa və xaricə getməyə məcbur oldular", - R.Cəfərov bildirib.
Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı ittihamları qəbul etmir.
/Turan/