"Cahid Hilaloğlu" mükafatı təqdim edildi-FOTOLAR
Xəbər verdiyimiz kimi 9 noyabr-Bayraq Günündə “Carçı” Araşdırma Mərkəzi Bayrağımızın şərəfinə və üçrəngli milli bayrağımızı sovet dövründə 1 saat Qız Qalasında dalğalandıran Cahid Hilaloğlunun adını əbədiləşdirmək üçün “Cahid Hilaloğlu” mükafatı təsis etmişdi.7gun.org Sozcu.az-a istinadən xəbər verir ki, gümüşdən hazırlanmış, qızıl suyuna çəkilmiş, hilal və səkkizguşə ulduz yaxa nişanından ibarət olan mükafat bu gün (29.11.2019) təqdim edilib. Mükafata Qafqaz İslam Ordusunu, Azərbaycan Xalq Cümhuriyyətini, xüsusən də Azərbaycan bayrağını araşdırıb məqalələr yazan, yayan və təbliğində fəal olan, Bakı Dövlət universitetinin məzunu Zahid Qasım layiq görülüb. Zahid Qasım hərbi xidmətdə olduğu üçün mükafat onun bacısı, ictimai fəal Hicran Qasımovaya təqdim edilib.
Hicran xanım qardaşının “Carçı” Araşdırma Mərkəzinə və tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub.
Tədbirdə Cahid Hilaloğlunun araşdırmaçısı Əli Şamil, tarixçi-tədqiqatçı Elmar Həsənli, Ziyalılar Klubunun və Bəyaz hərəkatının rəhbərliyi çıxış edib.
Qeyd edək ki, “Carçı” Araşdırma Mərkəzi ötən 2018-ci ildə tarixçi-tədqiqatçı Elmar Həsənlini “Cümhuriyyət 100” yaxa nişanı ilə mükafatlandırmışdı.
Bu ildən etibarən isə “Cahid Hilaloğlu” mükafatı təsis edilib və qəbul olunmuş əsasnaməyə əsasən, hər ilin sonunda il ərzində bayrağımızın təbliğatı istiqamətində ən fəal olan gəncə veriləcək.