Oqtay Gülalıyevi xilas edərkən...-FOTO


Oktyabrın 29-da saat Bakının mərkəzində, Puşkin və 28 may küçələrinin kəsişməsində Azərbaycanın ən parlaq hüquq müdafiəçisi Oqtay Gülalıyevi maşın vurub.

Ən parlaq- bu, sadəcə, söz deyil. Bunun arxasında Azərbaycanda bəlkə də heç bir hüquq müdafiəçisinin malik olmadığı real hesabatlarla və nəticələrlə nəhəng, sistemli hüquq-müdafiə işi durur. Bu sistemlilik həm ayrı-ayrı şəxslərin, həm də bütövlükdə toplumun ən aktual hadisələr və problemlərlə bağlı müdafiəsini əhatə edib. Buraya aşağıdakıları daxil etmək olar:

Gülalıyev "Kür" vətəndaş cəmiyyəti qərargahının fəaliyyətini əlaqələndirdi. 2 il Kürətrafı zonada 8 rayonda daşqından əziyyət çəkmiş yüz minlərlə vətəndaşın hüquqlarını ardıcıl və metodik olaraq müdafiə edib. Miqyaslı işlər nəticəsində daşqının səbəbləri müəyyən edilib – bu, süni xarakter daşıyıb və yerli əhalinin çıxarılması və oliqarxlar tərəfindən münbit torpaqların ələ keçirilməsinə yönəlib. Qərargahın bu nəhəng işi, O.Gülalıyevin yerli əhali ilə qarşılıqlı fəaliyyəti nəticəsində köçürülmə planı ləğv edilib. Miqyaslı korrupsiyanın üstü açılıb. Korrupsiya nəticəsində daşqının aradan qaldırılması üçün ayrılan 1 mlrd. dollar vəsaitin böyük hissəsi mənimsənilib. Qərargah kompensasiyaların verilməsinin sadələşdirilməsinə və daha çox zərər çəkmiş vətəndaşların evlə təmin olunmasına nail ola bilib. O.Gülalıyevin tərtib etdiyi hesabatlar daşqının bütün aspektlərini əhatə edib və açıqlanıb, bütün yüksək dövlət orqanlarına ünvanlanıb. Hakimiyyət onun bu fəaliyyətinin qarşısını güc yolu ilə almağa məcbur olub. O, Sabirabad polis rəisinin müavini Rauf Məcidov tərəfindən  7 polis əməkdaşının iştirakı  ilə döyülərək 2012-ci il aprelin 8-də uydurma ittihamlarla həbs edilib. 2012-ci ilin iyununda ABŞ dövlət katibi Hillari Klintonun Bakıya səfərindən sonra  azadlığa buraxılıb.

2012-ci ilin may və sentyabr aylarında Azərbaycanın şimal-qərb bölgələrində baş vermiş zəlzələlərlə əlaqədar “Kür” qərargahı tərəfindən eyni iş həyata keçirilib.

Bundan əlavə, “Azərbaycanın Siyasi Məhbuslarına Azadlıq” Birliyi, Siyasi Məhbusların Hüquqlarının Müdafiəsi Mərkəzi, İşgəncələrə və Repressiyalara Qarşı Mübarizə Komitəsinin vətəndaşlarının hüquqlarının müdafiəsilə bağlı hesabatları və real əməli addımları sadalamaq olar:

1. Nardaran işi (dindarların təqib edilməsi);

2. Siyasi məhbusların siyahısı;

3. Gürcüstan işi (azərbaycanlı müxalifətçilərin həbsi);

4. Azadlıqdan məhrumetmə yerlərində saxlanma şəraiti;

5. Gəncə işi (3 iyul 2018-ci il tarixində şəhər icra başçısına sui-qəsdə görə kütləvi cəza);

6. Tərtər işi (xəyanət işilə bağlı hərbçilərin öldürülməsi və tutulması).


O.Gülalıyevi hüquq müdafiəçisi kimi fərqləndirən xüsusiyyət ondan ibarətdir ki, o, sadalanan işlərin hər birində siyasi motivlərlə günahsız yerə məhkum edilmiş və ya öldürülmüş şəxslərin yaxınlarını birləşdirib hərəkətə gətirə bilirdi və vətəndaşların müdafiəsini onların öz hüquq- müdafiə işinə çevirməyi bacarırdı.

Bu böyük əmək hakimiyyət tərəfindən “layiqincə” qiymətləndirilib. Oqtay Gülalıyev və ailəsi mütəmadi olaraq təqiblərə məruz qalıb – dəfələrlə polisə, prokurorluğa aparılıb,   o cümlədən oğlu döyülüb, bıçaq yarası alıb, oğulları cinayət məsuliyyətinə cəlb edilib.  Bu, onun hüquq müdafiəçisi kimi fəaliyyətinin son 9 ilinin reallığıdır.

Qəza 

O. Gülalıyev oktyabrın 29-da 17:20- də taksi maşını ilə vurulub. Avtomobilin onu vurması anı hadisə yerində işıqforda dayanan başqa avtomobilin sürücüsünün hərəkətləri sayəsində ictimaiyyətə məlum olub. Onun videoqeydiyyatçısı hadisəni qeydə alıb və qeydlər sosial şəbəkələrdə yayılıb. Qeydlərdə taksi sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu görünür. Onun hərəkətləri ağıla batmır və işgəncələrə qarşı kampaniyanın elan olunduğu mətbuat konfransından qayıdan O.Gülalıyevə qəsdən hücum kimi qiymətləndirilə bilər. Qəsdən vurulma versiyası təkcə O.Gülalıyevin hüquq-mühafizə orqanları ilə keçmiş münasibətlərilə deyil, həm də hadisə ilə bağlı hərəkətlərlə də möhkəmlənir. Məsələn, sürücünün komada olan şəxsə orta ağırlıqda bədən xəsarəti yetirməsinə görə məsuliyyətə cəlb olunması barədə DİN-in rəsmi məlumatı! Sonra DİN hadisə ilə bağlı yalnız müşahidə kameralarından bir video təqdim edib ki, bu da demək olar ki, öncə  sosial şəbəkələrdə yayımlanmış video ilə eyni olub. DİN taksinin O.Gülalıyevi gözlədiyi üçün dayanıb-dayanmadığını, onun ardınca hərəkət edib-etmədiyini aydınlaşdırmaq üçün taksinin marşrut hərəkətinin göstərilməsi çağırışlarına reaksiya vermir. Kim bilir, videoqeydiyyatçının qeydləri açıqlanmasaydı, DİN öz qeydlərini açıqlayardımı? Publisist Rafiq Tağının ölümünü xatırlayaq. “Məlum olub” ki, cinayət yerinə bitişik “təhlükəsiz şəhər”in müşahidə kameraları işləmir, yaxınlıqdakı ticarət nöqtələrinin kameralarından qeydlər isə hüquq-mühafizə orqanları tərəfindən götürülüb və onların məzmunu açıqlanmayıb.

Tibbi yardım

O.Gülalıyev ilə baş verən hadisə səhiyyə sistemindəki problemləri yenidən ortaya qoydu. O. Gülalıyev insidentdən yarım saat sonra onu vuran sürücü tərəfindən təcili yardım xəstəxanasına aparılıb. Huşu özündə olub, danışıb. Lakin başı zərbə ilə asfalta dəydiyindən beyninə qan sızması nəticəsində vəziyyəti göz önündə pisləşməyə başlayıb. 

Həkimlər qanaxmanın aşkarlanması və aradan qaldırılması üçün tədbir görməyiblər. Bir neçə saatdan sonra yaxınlarının təkidilə O.Gülalıyev təcili tibbi yardım xəstəxanasından özəl City hospitala aparılıb, ancaq orada da vaxtında yardım göstərilməyib. Əməliyyat oktyabrın 30-da günorta  Neyrocərrahiyyə İnstitutunun həkimləri tərəfindən hematomanın son mərhələsində həyata keçirilib. Bu vaxta qədər başındakı hematoma təhlükəli həddə qədər artıb ki, bu da baş beyinə daha da ziyan vurub. O.Gülalıyevi müayinə etmək üçün qohumlarının dəvət etdiyi türkiyəli həkim deyib ki, bu vəziyyətdə onun reabilitasiyası 20 gün (vaxtında yardım göstərilsəydi) əvəzinə üç aydan çox çəkə bilər. Belə xəstəni ixtisaslaşmış Neyrocərrahiyyə İnstitutuna aparmaq daha düzgün olardı, ancaq tibb sahəsində koordinasiyanın olmaması və maddi maraqların toqquşması belə acınacaqlı duruma gətirib çıxarıb. Biz bu problemlərlə Rafiq Tağının, jurnalistlər Alim Kazımov və Rasim Əliyevin, öz doğmalarımız və yaxınlarımızın ölümü zamanı qarşılaşmışıq. Neçə minlərlə belə əsassız itki açıqlanmamış qalır.

Dövlət

1. Hüquq müdafiəçisi O.Gülalıyevi xilas etmək üçün dövlət qurumlarına müraciətlər edildi. Məhz bu müraciətlərdən sonra əməliyyat neyrocərrahlar tərəfindən həyata keçirildi. Ancaq hər belə hal üçün telefon edib, yardım istəməkmi lazımdır? Tibb sistemi keyfiyyətli saat kimi işləməlidir – dəqiq, gecikmədən və dayanmadan. İndiki halda dövlət və özəl tibbi müəssisələr növbəti dəfə yüksəkdə olmadıqlarını göstərdilər. 

Bu vəziyyət onu göstərir ki, səhiyyə siyasəti, idarəetmə, təhsil, nəzarət və məsuliyyət daxil olmaqla, bütün səhiyyə sisteminə ləngimədən yenidən baxılmalıdır.  Dövlət və cəmiyyət insan və maddi itki verir.  Minlərlə adam müalicə almaq üçün xaricə getməyə məcbur olur, xarici tibb müəssisələrə və iqtisadiyyata investisiya qoyur. Bu, tibb siyasətinə yenidən baxılması üçün siqnal deyilmi? Nazir Şirəliyevə qarşı şəxsi heç nə yoxdur, amma bu dəhşətli bir reallıqdır.

2. O.Gülalıyevlə baş verən hadisə ictimai nəzarətin və videoqeydiyyatçının nə qədər vacib olduğunu göstərir. Keçmiş xarici işlər naziri Tofik Zülfüqarovla baş vermiş hadisələri xatırlayaq: qeyri-adekvat piyada onun maşınının üstünə atılıb və başqa avtomobilin təkərləri altında ölüb. Və yaxud polis generalının göstərişi ilə onun avtomobilini qanunsuz olaraq alıblar.  Keçmiş nazir məhz videoqeydiyyatçının sayəsində günahsız olduğunu sübut edə bilib.

Bütün nəqliyyat vasitələrinin videoqeydiyyatçıdan qanuni şəkildə istifadə etməsi düzgün olardı. Belə istifadə yol təhlükəsizliyi sahəsində ictimai nəzarət sistemini yaratmış olardı. Hər sürücü yol hərəkəti qaydalarının başqa biri tərəfindən pozulmasına dair videogörüntünü yerləşdirə bilərdi. Bundan ötrü xüsusi resurs yaratmaq lazım gələr və polis qeydə alınan bütün pozuntularla bağlı qanunla müəyyən edilmiş qaydada cəza tədbiri görə bilər.  Sürücülərin bu cür qarşılıqlı nəzarəti hüquqpozma, xəsarət, ölüm hallarının azalmasına səbəb olar,   profilaktik effekti olar və yollarda təhlükəsizliyi artırar. Bütün avtomobillərdə videoqeydiyyatçı olsaydı, biz O.Gülalıyevlə baş vermiş hadisəyə dair onlarla videosüjet əldə etmiş olardıq.

Azərbaycanda təxminən 1,5 mln. avtomobil var. Videoqeydiyyatçı orta hesabla 20 dollardır. Yəni, videoqeydiyyatçının quraşdırılmasına 30 mln. dollar lazım gəlir. Bu məbləği dövlət ayırmalıdır. Sonradan isə avtomobil alan hər kəs qanuni şəkildə   videoqeydiyyatçı quraşdırmalıdır ki, bundan ötrü qanuna əlavələr edilməlidir.

Çox şey etmək olar və edilməlidir. Bu, ayrı, lakin mühüm söhbətin mövzusudur. İndi isə hüquq müdafiəçisi O.Gülalıyevi xilas etməyin vaxtıdır, çoxlarını qanunsuzluqdan və zorakılıqdan xilas edən şəxsi. Xilas yolu çoxdur və hər kəsin öz yolu var. Allah yardımçısı olsun, dualarımızı eşitsin. Allah xoş əməllərinin əvəzini versin..  

Mehman Əliyev, Turan İA direktoru