Dövlət fərdlərin təhlükəsizliyinə, azadlığına qarant olmalıdır
Jurnalist Seymur Həzi 2014-cü ildə şərlənərək həbsə atıldı və 5 il azadlıqdan mərhum edildi. 5 il - 60 ay günə-gün həbsdə saxlanıldı. 29 avqust 2019-cu ildə əsassız verilən 5 illik müddət bitdiyinə görə azadlığa çıxdı.Azadlığa çıxdığının 49-cu günündə 17 oktyabr 2019-da yenidən heç bir əsas olmadan küçədən həbsxanaya götürüldü. Öncə saxta məhkəmə qərarı ilə 15 sutka inzibati həbs verildi. Sonra yenə saxta apelyasiya məhkəmə qərarı ilə 15 gün daha da artırılıb, həbsi 30 günə çıxarıldı... Hələ daha neçə belə haqsız günlər, aylar, illər artırılacaq, bəlli deyil…
Yəni dövlətin "gücü” vətəndaşın üzərində haqsız, ədalətsiz tətbiq edilir. Nə hüquq var, nə ədalət, nə insanlıq. Dünyanın heç harasında jurnalisti, siyasi rəqibi, sadə vətəndaşı bu qədər amansız təqibə məruz qoyan siyasi rejimə demokratik rejim, dövlətə hüquq dövləti deyilmir.
Bu siyasi rejimin adı və yeri çox fərqli olur… Həqiqətənmi, bu ölkəni yönətənlər bunu istəyir?..
Azərbaycan 18-ci ildir ki, Avropa İnsan Hüquqları Konvensiyasının qoruması altındadır və bu sənədin ratifikasiyasına imza atıb. Amma Azərbaycanın siyasi yönətimi və hüquq sisteminin tətbiqinə nəzarət edənlər, bu dəyərləri qorumalı olanlar nə özlərinə, nə dövlətin imicinə nə də həmin imza atanın imzasına hörmət edirlər...
Konvensiyanın 5-ci maddəsində hər bir insana tanınan Azadlıq və toxunulmazlıq hüququnu Azərbaycan hüquq sistemini təmsil edənlər siyasi "qayğılar”la kobud şəkildə pozur.
Beləliklə, həm də Konvensiyanın 18-ci maddəsinin tələbinə "tüpürürlər”. Hansı ki 18-ci maddə Konvensional hüquqların məhdudlaşdırılmasını legitim məqsədlər istisna olmaqla heç bir məqsədlə (o cümlədən siyasi qayğılarla) məhdudlaşdırmağa yol vermir.
Dövlət fərdlərin təhlükəsizliyinə, azadlığına qarant olmalıdır. Onun adından fərdləri, ailələri təqib etmək yolverilməzdir. Bu hərəkətlər dərhal dayandırılmalıdır.
Siyasi "qayğılarla” Seymur Həzi, Tofiq Yaqublu kimi ziyalı, demokratik dəyərlərə inanmış, cəmiyyətə heç bir ziyan vurmayan, faydalı insanların hüquqdan kənar, ədalətsiz, qeyri-insani təqibləri dayandırılmalıdır.
Ələsgər Məmmədli