Mehman Hüseynova azadlıq istəyənlər həbs edilib
Bu gün Bakının Nizami Rayon Məhkəməsi yanvarın 3-də metronun "Neftçilər" stansiyasının qarşısında "Mehman Hüseynova azadlıq!", "Siyasi məhbuslara azadlıq!" şüarları ilə piket keçirən fəallardan Əfqan Sadıqova (Azel.tv saytının redaktoru) 22 sutka, Nurlan Qəhrəmanov (Kanal13 internet televizyasının müxbiri) və AXCP üzvləri Elman Ağayev, Səxavət Nəbiyevin hər birinə 21 sutka inzibati qaydada həbs qərarı çıxarıb. Fəallar İnzibati Xətalar Məcəlləsinin 513.2 maddəsi (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) ilə təqsirli bilinib.Məhkəmə həmçinin piket iştirakçıları Fatimə Mövlamlını 300 manat, Məlahət Yaqubovanı 400 manat və Pərvin Abuşovanı 300 manat inzibati qaydada cərimə edib.
Rəsmi qurumlar fəalların keçirdiyi piketlə bağlı hər hansı şərh verməyib. Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə aksiya iştirakçılarına təşəkkür edib.
"Əksəriyyəti qadınlar olan aksiya iştirakçıları özlərini Mehman Hüseynova ana, bacı təsəvvür edərək, qəlblərinin səsi ilə bu qərarı veriblər. Onlar bu aksiya ilə xalqımızın Mehman Hüseynovun taleyinə biganə olmadığını göstərdilər. Mehman Hüseynova, bütün siyasi məhbuslara, eləcə də bugünki aksiyaya görə saxlanılanlara azadlıq tələb edirəm. Rejim anlamalıdır ki, bu amansız repressiyalar bir gün bumeranq effekti ilə onun özünə zərbə olacaq", deyə Kərimli facebook səhifəsində yazıb.
Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger itthamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını vəkilləri vasitəsi ilə bəyan edib.
Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.
Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.
Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərə, deputatlara məxsus olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.
Hüquq müdaifə təşkilatları ölkədə 150 siyasi məhbusun olduğunu bildirir.
Bununla yanaşı, rəsmi Bakı siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri bütün fundamental azadlıqların tam təmin edildiyini, fikrinə, siyasi əqidəsinə görə insanların həbs edilmədiyini desə də, beynəlxalq təşklatlar Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edir.
Amnesty İnternational Azərbaycanda ondan çox insanı vicdan məhbusu elan edib.