Mehman Hüseynova azadlıq tələbi ilə təkadamlıq aksiya keçirilib
Blogger Fatimə Mövlamlı dekabrın 30-da hazırda həbsdə olan həmkarı Mehman Hüseynova azadlıq tələbi ilə aksiya keçirib.O, 28 may metrosunun yaxınlığında - Cəfər Cabbarlının heykəli önündə keçirdiyi təkadamlıq aksiyada Mehman və həbsdə olan bütün fəalların azad olunmalarını tələb edib.
Blogger Mehman Hüseynov 2017-ci il martın 3-də polisə böhtan atmaqda təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilib.
Cəzası gələn ilin martında başa çatmalıdır.
Amma Ədliyyə Nazirliyinin Penitensiar Xidməti dekabrın 26-da ona qarşı yeni cinayət işi açılması barədə məlumat yayıb.
Bu dəfə o, həbsxana zabitinin tələblərinə tabe olmamaqda və ona qarşı zor tətbiq etməkdə ittiham olunur.
Blogger bütün ittihamları rədd edir və həbsinin siyasi motivli, fəaliyyətilə bağlı olduğunu deyir.
Azərbaycan hakimiyyəti isə ölkədə heç kimin siyasi və ya ictimai fəaliyyətinə görə həbs olunmadığını bildirir.