"Mən iki gələcək əsgər böyüdürəm, onlara nə deyəcəm?"-Aksiya iştirakçısı
"Tərtər işi” üzrə ölən və həbs olunan hərbçilərin yaxınları oktyabrın 7-də Müdafiə Nazirliyinin Bərdə rayonundakı qoşun hissəsinin qarşısında etiraz aksiyası keçiriblər. 7gun.org-ın "Turan”-a istinadən məlumatına görə, aksiya iştirakçıları üzərində ölənlərin və həbs edilənlərin fotosu olan köynəklər geyiniblər.Aksiyaçılar baş vermiş hadisələrlə bağlı ədalətli araşdırma aparılmasını, həbsdə olan hərbçilərin azadlığa buraxılmasını tələb ediblər.
"Mən iki gələcək əsgər böyüdürəm, onlara nə deyəcəm? Onları əsgərliyə necə göndərəcəm? Uşaqlarım indidən deyirlər ki, atamızın qatilini tapacağıq. Ədalətli araşdırma tələb edirik”, - aksiya iştirakçılarından biri deyib.
Onlar yaxınlarının ölümündə korpus komandiri Hikmət Həsənovu günahkar bilir.
Nümayişçilər bütün vəzifəli şəxslərin postdan kənarlaşdırılmasını və onların cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər.
Aksiya iştirakçılarının qarşısına zabit çıxaraq hissə komandirinin onları qəbul edəcəyini vəd edib. Lakin etirazçılar vədlərə inanmadıqlarını bildiriblər.
Aksiya yerinə polis qüvvələri cəlb edilib. Etirazçıların bəzisinin halı pisləşib. Bundan sonra aksiya iştirakçıları dağılışıblar.
2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq, saxlanılan hərbi qulluqçular və mülki şəxslərdən ibarət qrupu Ermənistan xüsusi xidmətinin xeyrinə casusluqda ittiham ediblər.
Mayın 3-də Azərbaycan Hərbi Prokurorluğu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Yuxarıda sadalanan güc qurumlarının əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb.
Saxlanılan şəxslər müxtəlif müddətə azadlıqdan məhrum ediliblər. Lakin tezliklə məlum olub ki, istintaq zamanı ən azı 8 şübhəli işgəncələrdən ölüb. Sonradan təkrar istintaq zamanı dörd mərhuma bəraət verilib, onlara qarşı ittihamları saxtalaşdıran müstəntiqlər isə 7 ilədək azadlıqdan məhrum ediliblər.