KXCP üzvləri sədrin istefasını tələb edir


Mirmahmud Mirəlioğlu hökumətdən pul aldığını təsdiqləyir.

Dostlar, bilirəm çoxunuzun başı ölkədə baş verən ciddi hadisələrə qarışıb. Qarabağ problemi, baş alıb gedən hüquqsuzluq, qanunsuzluq, dərəbəylik, həbslər, repressiyalar, büdcə talanları, ağır sosial- iqtisadi vəziyyəti, sərbəst toplaşmaq və ifadə azadlığının demək olar ki, xalqın əlindən alınması və s. məsələlər hazırda hamımızı düşündürür, narahat edir. Amma özünü bu məsələlərin həll edicisi, "xilaskar"- ı kimi təqdim edib yalançı qəhramanlar da var ki, onlar onsuz da ağır olan vəziyyətimizi daha da ağırlaşdırmağa, xalqı çaşdırmağa çalışırlar. Payızın 2- ci ayıdır, bu adamlar hələ də "bir payız axşamı inqilabı"-ndan danışıb ictimai rəyi azdırmağa cəhd edirlər... Amma ilahi təcəlli deyilən bir hikmət var ki, hər şeyi yerbə yer edir. Kimin kim olduğunu ortaya çıxarır. Son günlər daha da sıraları seyrilən (etiraf edirlər ki, cəmi 3 nəfər qalıblar) "bir payız axşamı inqilabı"- nın "liderləri"- nin əsl siması, kimliyi çox aydın şəkildə üzə çıxmaqdadır. Yetər ki, azacıq diqqət edəsiniz...

Bu sözləri hüquq müdafiəçisi Oqtay Gülalıyev özünün feysbuk səhifəsində yazıb. O, qeyd edib ki, xüsusən, 15- ci aydır KXCP- nin sədri postunu Nizamnaməyə və "Siyasi partiyalar haqqında Qanun"-a zidd olaraq zəbt etmiş Mirmahmud Mirəlioğlunun durumu daha ağır və eybəcərdir: "İctimai təpki, qınaq və faktlar qarşısında qalan "inqilab lideri" bəzi həqiqətləri ictimaiyyətə açıqlamalı oldu. O həqiqətlər ki, biz illərdir onu deyirdik. Adam etiraf etdi ki, oğlu həqiqətən Fövqəladə Hallar Nazirliyində şöbə müdiri işləyir (!?). Eyni zamanda ona qarşı ünvanlanmış "hakimiyyətdən aylıq paket alır" ittihamına da aydınlıq gətirərək pul aldığını etiraf edib (!?). İctimai rəyi azdırmaq və başqa istiqamətə yönəltmək üçün bu pulu borc aldığını bildirib (!?). Fikir verin: hakimiyyəti tənqid edib istefaya çağıran, inqilaba hazırlaşan "lider"- in oğlu aparıcı bir nazirlikdə yüksək vəzifə daşıyır, özü isə "borc" adıyla yüksək çinli məmurdan pul alır. İfşa olunduğunu ört- basdır etmək üçün "dünən atam evinə basqın ediblər" deyə hay- küy salır. İctimai rəyi çaşdırmaq və başqa səmtə yönəltmək istəyir...

... Bax, Mirəlioğlu, bizim fərqimiz budur. Mən hakimiyyətin çoxsaylı təklifləri və təzyiqləri önündə sınmadım. Həbs olundum, geri çəkilmədim. Yolumdan sapmadım. 16 yaşlı oğlumu döyüb bıçaqladılar. Zibilliyə atıb getdilər. Onu bıçaqlayanları deyil, onun özünə cinayət işi açdılar. Qondarma məhkəmə hökmü ilə məhkum etdilər. Daha sonra ona 2- ci cinayət işi açdılar, yaxın qonşularımı onun üzünə qoyub həbs etmək istədilər. Məcbur olub oxuduğu Universiteti yarımçıq qoyub ölkəni tərk etdi. Biz 4- cü ildir ki, onunla görüşmürük... Amma sənin oğlun FHN- də şöbə müdiri işləyir. Yəqin İlhamla Heydər Əliyevin də şəkilini başı üzərindən asıb onlara dua edir. Siz də hakimiyyətdən "borc" adı ilə paket alırsınız. Sonra da heç nə olmamış kimi deyirsiniz ki, burda nə var ki, mənim oğlumun FHN- də işləməsinin xalqa nə aidiyyatı var (!?) Bax, bu dəhşətdir və biabırçılıqdır... Bəs harda qaldı həqiq müxalifətçilik, Elçibəyçilik, əxlaq, dürüstlük!?

Mən bu qeydləri ona görə yazdım ki, qoy bir çox həqiqətləri bilən xalqımız hər şeyi olduğu kimi bilsin. Dağıdıb məhv etdiyiniz, nəfsinizə qurban verib hakimiyyətin ayağı altına atdığınız partiyamızın acı taleyində sizin rolunuzu və yerinizi KXCP üzvləri daha açıq- aydın görsünlər.

... Etiraf etdiyiniz bu 2 fakt əslində haqqınızda dediyimiz çoxsaylı faktların az bir hissəsidir. İnşallah digər bütün ittihamlarımızı da öz dilinizdən bu cür etiraf etmək məcburiyyətində qalacaqsınız. Hesab edirəm ki, bu biabırçılıqdan sonra sizdə zərrə qədər obyektivlik və vicdan hissi qalıbsa xalqdan üzrxahlıq edib nəinki batırıb məhv etdiyiniz KXCP- dən, ümumiyyətlə siyasətdən getməlisiniz. Ya da haqqınızda olan digər ittihamları da çox yaxın zamanlarda öz dilinizlə etiraf etmək məcburiyyətində qalmaqla tamam bitməli, hörmət- izzət adına nə varsa hər şeyi itirməlisiniz...

Seçim sizindir!"- deyə Oqtay Gülalıyev bildirib.