"Sədrlik estafetini gənclərə ötürməyin vaxtı çoxdan çatıb" - Şirin Cəfəri


Klassik cəbhəçilərin partiyadaxili məsələlərinə kənardan xüsusi yazı ilə müdaxiləni görüb, buna fikir bildirdim. Bəzi partiyadaşlarım da bununla bağlı fikir ortaya qoydular. Elə oldu ki, buna təhqiramiz münasibətlərlə də rastlaşdıq. Təmsil olunduğum Klassik Xalq Cəbhəsi Partiyasının üzvləri tərəfindən, təşkilatımıza yaraşmayan belə ifadələrə görə, mən, olduqca çox təəccübləndim. Elə, buna görə də, təkrar həmin mövzuya qayıtmağı lazım bildim.

Öncə, onu bildirmək istəyirəm ki, indi KXCP sədrliyinə namizədliyini elan edən Oqtay Gülalıyev, Elçi Bəy hakimiyyətinə qarşı 1993-cü il Gəncə qiyamından sonra, dərhal Bakıya gələrək, AXCP-nin ağır günlərində, partiyanın ümumi şöbəsində könüllü iş fəaliyyətinə başlayıb. Məhz bu əqidəsinə, cəbhəçi adını şərəflə qoruduğuna, haqq yolunda can qoyduğuna görə, o, Əbülfəz Elçibəyin dərin etimadını qazanıb. Məhz bu xüsusiyyətlərinə görə də, Oqtay bəy, AXCP-nin gənclər komitəsinin sədri təyin olunub. Ona həvalə olunan bu məsul vəzifəni şərəflə icra etdiyindən, Elçi Bəy, çox keçmədən, yenidən böyük etimad göstərərək, ona BAB-ın gənclər təşkilatının sədr vəzifəsini də həvalə edib. Bu vəzifələri kimi, Oqtay bəy, partiya tərəfindən ona həvalə edilən siyasi tapşırıqların öhdəsindən də layiqincə gəlib. Məsələn, o vaxtlar, mərhum prezident Heydər Əliyev tərəfindən ANS televiziya kanalına debata gələn onun Rauf Hüseynov adlı tərcüməçisini, Əbülfəz Elçibəy tərəfindən çıxış edən Oqtay Gülalıyev, faktiki olaraq, məyus etdi. Qarşısındakı siyasi rəqiblə debatdan tam qalib çıxan Oqtay Gülalıyev, bir daha, siyasi rəhbərinin etimadını layiqincə doğruldanlardan biri olduğunu sübut etdi. Onu da qeyd etməyi vacib bilirəm ki, onda məğlubiyyətlə razılaşmayan Heydər Əliyev dərhal həmin tərcüməçisini tutduğu vəzifəsindən kənarlaşdırmışdı. Bunları xatırlatmaqda məqsədim budur ki, belə bir siyasət adamı partiya adından niyə "daş-qalaq edilməlidir"?! Nədən, Oqtay bəyin mükəmməl siyasi bacarığından yararlanmaq üçün, ona, bu post layiq görülməsin?! Biz, nədən, ''yuyulmamış çömçə'' kimi ortalığa atılan, öz sahəsində imzasını belə qoya bilməyən birisinin ünvanımıza tuşlanan yazısına haqq qazandırmalıyıq?!

Əlbəttə, Elçi Bəyə xəyanətlə, Azərbaycana daha dəhşətli xəyanət zərbəsi vurmuş nemətlərin, rəhimlərin, ixtiyarların... yanlarında oturan, belə arzuolunmazların ixtiyarında olub, onların diqtəsi ilə oturub, duran birisinin Elçi Bəy təşkilatına, hər hansı bir yazısı ilə, müdaxilə etməyə mənəvi haqqı çatmır. Əgər, biz, Mirmahmud Mirəlioğluna hörmət ediriksə, onu özümüzə lider olaraq qəbul etməli, eyni zamanda KXCP-də təmsil olunan yaşlı əqidədaşlarımıza böyük hörmət bəsləməliyik. Sözsüz, onların bu günədək şərəf və qürur dolu siyasi mübarizə yolu keçdiklərini də, qeyd-şərtsiz qəbul etməliyik.

Dünyanın düzəni dəyişdiyi kimi, artıq, Azərbaycanda siyasi proseslərin yönü də dəyişir. Bəs, nədən, partiyamızda bu yöndən olan inkişafa doğru dəyişikliyə nail olmayaq?! Bu məqsədə çatmaq üçün, yetər ki, gəncliyə yol açaq. Partiyanın hazırkı sədri Mirmahmud Mirəlioğlunun özü də, sonuncu qurultayımızda xüsusi qeyd etmişdi ki, növbəti dəfə sədrlik estafetini gənclərə ötürmək lazım və vacibdir. Bəy, onda, onu da vurğulamışdı ki, bu, onun sonuncu sədr seçimidir. Hətta, oradaca, partiya sədrliyinə namizədimizi hazırlamağı da məsləhət görmüşdü. Əlbəttə, biz partiyamıza yeni sədrimizi seçib, Mirmahmud bəyi də fəxri lider kürsüsünə qaldırmalıyıq ki, gələcəkdə onun məsləhətlərindən yararlanıb, faydalana bilək.

Bu gün KXCP sədirliyinə cəmi iki nəfər namizədliyini irəli sürüb. Onlardan biri Oqtay Gülalıyev, digəri isə, Nisəxanım bəydir. Burada Əbülfəz Elçi Bəyin məhşur kəlamı yada düşür: ''Cəbhəçilərin hərəsi bir təşkilatdır!''. Mən də deyirəm ki, KXCP-nin hər bir üzvü sədrliyə layiqdir. Amma Oqtay Gülalıyevin keçmişinə və bu gününə diqqət yetirsək, görərik ki, o, daha çox bu mühüm posta layiqdir -- heç vaxt əqidəsindən dönməyən, tutduğu yoldan çəkinməyən bir siyasət adamı olaraq!

Bəzi söz-söhbətlərə görə, müəyyən səbəblərdən partiyamızdan gedənlərin əksəriyyəti, dəyişiklik olduğu halda geri qayıtmaq fikirində olduqlarını bildiriblər. Əgər, demokratik qaydada sədr dəyişikliyi olarsa, bu, partiyamızın daha da genişlənməsinə xidmət edər. Onda, nədən, belə olmasın?!

Əldə etdiyim məlumatlara görə, Ali Məclisin sonuncu sessiyasından az sonra, 10 nəfər məclis üzvü və ayrı-ayrı vaxtlarda rayon şöbə sədrləri Oqtay Gülalıyevlə çay süfrəsi arxasında görüşüb, partiyanın durumu haqda müzakirələr aparıblar. Əgər, belə bir görüş olubsa, bunu, təqdirəlayiq hal hesab etmək lazımdır. Məncə, hər kəsin fikrini belə bir xoşluqda, təhqirə yol vermədən, normal şəkildə bildirməsi, partiyamızın xoş gələcəyi üçün, daha vacibdir.

Şirin Cəfəri,

KXCP Ali Məclisinin üzvü.