Mirmahmud Mirəlioğlu Qarabağ Komitəsini parçalayır?


Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun liderlik davası aparması ciddi problemlər yaradıbdır.

7gun.org saytının əldə etdiyi məlumata görə Qarabağ Komitəsində ciddi fikir ayrılıqları özünü göstərməyə başlayıb. Qarabağ Azadllq Təşkilatının sədri Akif Nağının təşəbbüsü ilə yaradılan Qarabağ Komitəsi bir müddət özünün qarşıya qoyduğu məqsədlər uğrunda fəaliyyət göstərsə də, komitəyə qoşulan bəzi siyasi partiyaların rəhbərlərinin, xüsusilə, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun liderlik davası aparması ciddi problemlər yaradıbdır.

Qarabağ Komitəsində quruplaşmaların formalaşması barədə də məlumatlar əldə etmişik. Komitəyə üzvlük prosesi başlayan vaxtdan siyasi partiyaların üzvlərini səsvermə zamanında daha çox səs qazanmaq imkanı əldə etmələri üçün komitəyə yerləşdirmələri artıq öz “bəhrəsini” vermişdir.

Qarabağ Komitəsində Mirmahmud Mirəlioğlu- Akif Nağı qarşıdurması pik nöqtəsinə gəlib çatıb. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ilə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyinin eyni mövqedə olmaları, tanınmış jurnalist Əvəz Zeynallının qruplaşmalarla məsafə saxlaması, AĞ Partiyanın sədri Tural Abbaslının rəhbərlik etdiyi təşkilatın mövqeyini öndə tutması Mirmahmud Mirəlioğlunu KXCP üzvlərini komitəyə üzv etdirməklə səs çoxluğu əldə etmək məcburiyyətində qoymuşdur.

Mirmahmud Mirəlioğlu Akif Nağının komitədə ciddi nüfuza və dəstəyə malik olmasının qarşısında mübarizə metodunu dəyişərək konkret hücumlara başlayıb. Artıq komitənin iclaslarında Akif Nağıya qarşı radikal çıxışlar edən Mirmahmud Mirəlioğlu özünün lider görüntüsünü yaratmağa çalışır.

Proqnozlar göstərir ki, Akif Nağı ilə Pənah Hüseynin eyni pozisiyada olmaları, komitənin üzvü İsgəndər Həmidovun iclaslarda könülsüz iştirakı Mirmahmud Mirəlioğlunu yaxın vaxtlarda çətin duruma salacaqdır.

Rafiq Çağlar