Təhsil Nazirliyində böyük saxtakarlıq… –Ceyhun Bayramova ünvanlanan suallar
Dərs ilinin yeni başlamasına baxmayaraq artıq məktəblərdən ilk “həyəcanlı” xəbərlər daxil olmaqdadır. Xüsusilə şəgirdlərin elektron formada məktəblərə qəbulu və yerdəyişməsi ilə bağlı çoxsaylı qanun pozuntuları və şikayətlərə rast gəlinir. Özlüyündə çox mütərəqqi və şəffaf bir qəbul forması təsiri bağışlayan elektron qəbul prosesində elə özbaşınalıqlara yol verilir ki, adamın deməyə sözü qalmır.7gun.org-ın məlumatına görə Rubrika.az saytına müraciət edən valideyn bildirir ki, övladının S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasına yerdəyişməsi üçün 4 sentyabr tarixində elekteron formada müraciət edib. Saat 14:11-də ona müraciətinin qeydə alınması, 16:48-də isə sorğunun təsdiq edilməsi barəsində SMS daxil olub. Dərs ili başlayandan sonra şagird gimnaziyada dərslərə getməyə başlayıb. Bu gün isə məktəbin direktoru İlqar Talıbov sinfə gələrək şagirdə adının sistemdə olmadığını və məktəbə gəlməməsini bildirib. Qeyd etdiyimiz kimi şagirdin məktəbə qəbul edilməsi ilə bağlı müvafiq SMS valideynin telefonuna gəlib, onun sənədləri məktəbə təqdim edilib. Lakin, artıq bir neçə gündür ki, dərslərə gələn şagirdə qəflətən belə bir məlumat verilir və məktəbdən çıxarılır. Cənab nazir, bu uşağın psixikasına mənfi təsir etmirmi? Çox yəqin bir gün də olsun sinifə girməyən pedaqogikadan və psixologiyadan xəbəri olmayanların günahı üzündən bu körpə balalar həyatda ilk pxixoloji travmasını alır.
Göründüyü kimi Təhsil Nazirliyində müvafiq sahəyə cavabdeh olan,bilavasitə rəhbərlik edən məmurların yarıtmaz fəaliyyəti nəticəsində xaotik bir vəziyyət yaranıb. Dərs ilinin başlanması ərəfəsində bu sahədə yaranan dəhşətli vəziyyət hamıya məlumdur. Valideynlər günlərlə Təhsil Nazirliyinin qarşısında növbə gözləyirdilər. Hətta şagirdlərin qəbulu və yerdəyişməsi zamanı kütləvi rüşvətxorluq halları da qeydə alınıb. Yəqin ki, cənab nazir C.Bayramov təkcə Təhsil Nazirliyi üçün deyil, bütün Azərbaycan təhsili üçün böyük eyib olan bu hadisələrə qarşı biganə qalmayacaq. Nazirlikdə bu sahəyə bilavasitə cavabdehlik daşıyan şəxslərin qanunsuz əməllərinə nəhayət ki, son qoyulacaq. Nəzərə alsaq ki, artıq valideynlərin narazılığı pik həddə çataraq ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan kömək istəyirlərsə vəziyyətin heç də ürəkaçan olmadığını, bunun fəsadlarının ağır olacağını görməmək mümkün deyil. Yəqin ki, cənab nazir bütün bunları tezliklə nəzərə alacaq.
Rubrika.az saytı xatırladır ki, S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyası öz keçmiş direktoru, sabiq deputat, “nurçuların” Azərbaycanda böyük himayədarı Ceyhun Osmanlının anası Xuraman Osmanovanın zamanından medianın “ulduzudur”. Az qala “valideyn üsyanı” nəticəsində gimnaziyanın direktorluğundan azad olunan X.Osmanova bu ayın əvvəllərində Bakının 238 saylı tam orta məktəbinə direktor təyin olunub. Həmin məktəbin direktoru İlqar Talıbov isə Gimnaziyaya direktor gətirilib. Necə deyərlər bir balaca yerdəyişmə olunub. Sadəcə bizə maraqlı olan odur ki, X.Osmanova kütləvi narazılıqlar, etirazlar nəticəsində Gimnaziyanın direktorluğundan azad olunubsa onun yenidən 238 saylı tam orta məktəbə rəhbər təyin olunması hansı məntiqlə izah olunur. Məgər 238 saylı məktəbdə təhsil alanlar bu ölkənin vətəndaşı deyilmi? Bəlkə həmin məktəb “cərimə batalyonu”dur bizim xəbərimiz yoxdur. Hər halda normal düşüncə ilə bunu izah etmək mümkün deyil. Yəqin ki, tezliklə bunun da səs-sədası yayılar…
7gun.org