Şirin Cəfəri:"KXCP sədri Mirmahmud Mirəlioğlu məni müdafiə etmədi"


"Hətta, təmsil olunduğum siyasi partiyanın bir parça kağız üzərində müdafiəmlə bağlı bəyanatını belə səsləndirmədilər"

7gun.org-ın məlumatına görə bu sözləri "Gündəm Xəbər" qəzetinin təsisçisi Şirin Cəfəri son günlər baş verənlərlə bağlı feysbukda yazı paylaşıb. Həmin yazını olduğu kimi təqdim edir:

"Dostlar, bir neçə gün bundan öncə üz-üzə qaldığım olayı sizlərlə bölüşmüşdüm.
Qeyd etmişdim ki, 10 sentyabr 2019-cu il tarixdə, axşam saat 19:30 radələrində yeddi nəfər qoluzorlular məni zorla el arasında “bandotdel” kimi tanınan idarənin binasına apardılar. Başıma gələn olayla bağlı təmsil olunduğum KXCP-ın sədri Mirmahmud Mirəlioğlu 18.09.2019-cu il tarixdə, saat 21.00-da AzerFreedomTV-də çıxış edərkən ''Bizim Ali Məclisin üzvü və bir qəzetin də təsisçisi və baş redaktoru Şirin Cəfərini, ''Gündəm Xəbər'' qəzetinin baş redaktorunu günün günorta çağı oğurlayırlar, aparırlar. Özü də deyirlər ki, sən məni tanımadın? Mən səninlə ,,Banditizim və terrorizimdə,, görüşmüşəm, ora gedib söhbət edək.'' Bildirim ki, üz-üzə qaldığım problemlə bağlı tanıdığım və tanımadığm bir çox hüquq müdafiəçiləri, bəzi sayt rəhbərləri, ictimai fəallar mənimlə bağlı sosial mediada geniş açıqlamalar dərc etdilər, konkret fikirlərini ortaya qoydular. Bir sözlə, elə bir addımlarını atdılar ki, mövzu ictimai gündəmi zəbt etdi. Bu hadisəyə görə, daxili işlər naziri Vilayət Eyvazov baş verən olayı şəxsi nəzarətinə götürür və aydiyyəti üzrə göstəriş də verir. Buna baxmayaraq təmsil olunduğum partiyanın sədri mənimlə bağlı internet televiziyasında nə dediyini və nəyə işarə etdiyini lazımınca anlaya bilmədim. Hətta, təmsil olunduğum siyasi partiyanın bir parça kağız üzərində müdafiəmlə bağlı bəyanatını belə səsləndirmədilər.

Hesab edirəm ki, öz partiyasının Ali Məclisinin üzvünü lazımınca müdafiə edə bilməyən bir siyasi təşkilat xalqın müdafiəsini necə quracaq? Məsələ ilə bağlı partiyanın idarə heyyətinin mövqeini bilmək mənim üçün əhəmiyyət kəsb edir"-deyə Şirin Cəfəri bildirib.