Oqtay Gülalıyevdən Mirəlioğluna çətin suallar...


Atalarımızın gözəl deyimi var: “Utanmasan oynamağa nə var ki!?” Son zamanlar özünü “siyasi lider” hesab edən bəzi şəxslər yaxın keçmişini unudaraq qabaqdan gəlmişlik edib mələk libasına, cəfakeş obrazına bürünüblər. Yenidən xalqa dərs keçmək, yol göstərmk iddiasına düşüblər...

Bu sözləri tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev özünün feysbuk səhifəsində yazıb. 7gun.org həmin yazını olduğu kimi təqdim edir:

"... 5 ayddır ki, KXCP sədri Mirmahmud Mirəlioğlu haqqında tənqidi heç nə yazmadıq. Vaxt verdik, düşündük ki, yazdıqlarımızdan nəticə çıxarıb səhvlərini düzəldər. Nəhayət ki, haqqın yoluna gəlib ziyanın yarısından qayıdar. Cəmiyyətə, sədrlik etdiyi partiyaya faydalı işlər görər. Amma ... bu adam xarakterinə uyğun olaraq yenə öz ampulasındadır. İmitasiya edir, dağıdıcılıq və bölücülük fəaliyyətini davam etdirir.

Ötən müddət ərzində qurulmasında iştirak etdiyi Qarabağ Komitəsi və Azərbaycan Xalq Hərəkatının parçalanmasında iştirak etdi. Hakimiyyət mətbuatında rejimə qarşı mübarizə aparan gerçək müxalifətçiləri hədəfə aldı. İlham Əliyevi və Mehririban Əliyevanın adını çəkib onları tənqid edə bilmədiyi halda cəmiyyətdə daha çox şübhəli mövqeyi ilə tanınan Qurban Məmmədovun avantürasına qoşulub “inqilab nağılı” danışmağa başladı. Hətta onun tərəfindən inqilabın lideri elan olundu (!?). Ən əsası isə KXCP- də və cəmiyyətdə heç bir fəaliyyət sərgiləmədi. Nizamanaməyə görə keçən ilin avqust ayında keçirilməli olan qurultaydan əsər- əlamət yoxdur. 1 ildən çoxdur Nizamnaməni pozaraq sədr kürsüsündə oturur. Sonra da Qurban Məmmədovun efirinə çıxıb demokratiyadan, inqilabdan, hakimiyyətin zəbt olunmasından danışır. Nə fərqi var: İlham Əliyev 16 ildir qanunsuz olaraq prezidentlik kürsüsünü zəbt edib, 19 ildir o da KXCP- nin sədri vəzifəsini işğal edib. 2019- cu ilin ötən 8 ayında Qurultayın keçirilməsi ilə bağlı heç bir rayon şöbəsində konfrans keçirmədi. Bu az imiş kimi Elçibəyin doğulduğu bölgədə- Ordubadda konfrans olmaya- olmaya saxta konfrans “keçirib”, yalançı protokol tərtib edib Qurultaya 15 nəfər nümayəndə “seçib”. Keçən ilin sonlarında tək başına şimal bölgəsinə gedib bir gündə 3 rayonda saxta konfrans keçirib, həmin konfranslardan bir dənə də olsun foto, fakt yoxdur (!?). Özü saxtakarlıqla məşğuldur, amma İlham Əliyevi saxtakarlıqda ittiham edir. Çıxıb xalqın qarşısında düzlükdən, dürüstlükdən danışır. Ölkənin ən böyük partiyalarından olan KXCP- ni o vəziyyətə gətirib ki, partiya Elçibəyin anım toplantısını 12- 15 nəfərlə keçirir. Harda Elçibəyə dönük çıxmış, əqidəsini, yolunu hakimiyyətə 5- 10 manata, deputat mandatına, bir “moledes”- ə satmış adamlar var gedib onlarla bir araya gəlir, həmin şəxslərlə Elçibəyi ziyarətə gedir. “Qüdrət Həsənquliyevlə niyə də bir olmayaq” deyir. Rejimə qarşı mübarizə aparanları isə topa tutur. Adama sual edərlər: sən kimin əmisi oğlusan? Vəziyyəti o həddə gətirib ki, cəmiyyətdə və hətta partiyada belə özünə hörmət qoyan ciddi insanlar onunla yanaşı durmaq istəmir...

İndi də Qurban Məmmədovun efirinə çıxıb “bir payız axşamına doğru” mahnısını oxuya- oxuya inqilabdan danışır. Doğrusu deyim ki, illərdir ki, hakimiyyətin marağına uyğun siyasət yürüdən, sədri olduğu partiyada Nizamnaməni ayaqlar altına atıb mübariz insanları, Elçibəyçiləri təşkilatdan dışlayan, Əli Həsənovla saxta dialoq oyunu oynayan, Rauf Arifoğlunu Həsənbəy Zərdabi ilə müqayisə edən, Avropa Oyunlarında gedib selife çəkdirən, Allah Şükür Paşazadəni özünə ideal seçən, gerçək müxalifətin boykot etdiyi seçkilərdə iştiraka can atan, qohumları hakimiyyətlə iş birliyində olan Mirəlioğlu kimi bir şəxsin inqilabdan danışması inqilabı da hörtmətdən və urvatdan salır. Bir qrup adam başda Mirəlioğlu, Qurban Məmmədov olmaqla xalqı aldatmaq, nöbvəti dəfə fəlakətə sürükləməklə məşğuldur. Guya payızda inqilab edəcəkmişlər, Mirmahmud Mirəlioğlu da o inqilabın lideri olacaqmış. Kül o inqilabın başına ki, onun lideri Mirəlioğlu olacaq. Bu adam sədrlik etdiyi partiya daxil olmaqla indiyə qədər təmsil olunduğu bütün birlikləri dağıdıb (sonuncu Qarabağ Komitəsi və AXH- nin taleyi göz önündədir- red). KXCP boyda təşkilatı məhv edib, diz üstə çökdürüb. Adam özü rəsmən tükənib, bitib. İndi də özünü idarə edə, danışığını bilməyən, şübhəli şəxslərə qoşulub guya Azərbaycanda inqilab edəcəkmiş. Özünə umac ova bilmir, özgəyə əriştə kəsir)). Adama deyərlər:

1. Əvvəla get sədrlik etdiyin partiyanın Nizamanməsinə əməl et, Qurultayını keçir
2. 2 ildir Sədr Aparatı, MNTK- sı, Mətbuat Xidməti, Gənclər və Qadınlar təşkilatı, xarici əlaqələri və s. olmayan Partiyanın strukturlarını bərpa elə (əgər edə bilirsənsə- red);
3. 2 ildir ki, partiya üzvlərinin sənə ünvanladığı sorğuları, şikayətləri cavablandır. İlham Əliyevi məhkəməyə verdiyinə, rejimə qarşı mübarizə apardığına görə partiyadan azad etdiyin cəbhəçiləri KXCP- yə bərpa et;
4. 19 ildir sədrlik etdiyin, heç bir uğur qazana bilmədiyin partiyanı hakimiyyətin qarşısında zəiflədib iflic vəziyyətə salmağının, real müxalifətə qarşı durmanın səbəblərini izah et;
5. “Əli Həsənovla dialoqumuz cəmiyyət üçün faydalı olacaq” dediyin, fiaskoya uğramış dialoq oynuna getməyinin əsl səbəblərinə aydınlıq gətir:
6. İlham Əliyevdən medal aldığına görə təbrik etdiyin Rauf Arifoğluna dediyin “Həsən bəy Zərdabının ruhu “Yeni Müsavat” qəzetinin fəaliyyətində təzahür edir” fikrinin izahını ver;
7. Xalqın boğazından kəsilib oğurluq, haram pullarla başa gəlmiş korrupsiya layihəsi olan Avropa Oyunlarında iştirak edib selife çəkdirərək ona dəstək verməyinə aydınlıq gətir:
8. Mənim kimi insanların övladları gecənin birində döyülüb bıçaqlanıb, haqqında cinayət işi açılıb təhsilini yarımçıq qoyub ölkədən didərgin salındığı halda sənin oğlun nəyə görə və necə FHN- də işləməsinə aydınlıq gətir. Aşağıda qoyduğum fotodakı villanın hansı pulla tikdirdiyini, gəlir mənbəyini açıqla və s. Sonra get hüquqi və mənəvi haqqın çatarsa inqilabdan, müxalifətçilikdən və dürüstülükdən danış...

... Ölkənin sərvətləri talan edilir, ofşarlara daşınır. Nardaranda, Gəncədə, Tərtərdə günahsız, dinc insanlar kütləvi şəkildə şərlənib həbs olunur, ağır işgəncələrə məruz qalır, qətlə yetirilir. Haqsızlıq ayaq tutub yeriyir. Mirəlioğlu özünü görməməzliyə vurub ya susur, ya da ümumi sözlərlə baş aldadır. 2018- ci ilin iyul ayında Gəncədə insanlara divan tutulur, Mirəlioğlu Əli Həsənovun dili ilə danışaraq bildirir ki, Gəncədə hakimiyyət nümayəndəsinə qarşı cinayət törədilib terror edilib. DTX- nin dili ilə danışır ki, Gəncədə Sepah var və güclüdür... Amma günahsız insanların şərlənib həbs olunmasından, onlara verilən dəhşətli işgəncələrdən danışmır. Niyə o Gəncədə bu qədər haqsız həbs olunmuş, ağır işgəncələrə məruz qalmış məhbusların məhkəməsinə gəlmir, onları müdafiə etmir? Niyə Gəncə analarının fəryadını eşitmir? Eləcə də Tərtər hadisələri ilə bağlı... Bəyəm onlar Azərbaycan vətəndaşları deyilmi? Bu gün ağız dolusu Qarabağdan danışıb Tərtərdə xüsusi qəddarlıq və amansızlıqla döyə- döyə öldürülüb bəraət alan hərbçimizin başına gələnləri görməzlikdən gələn, bu barədə bir kəlmə danışmayan siyasətçinin, partiya sədrinin, “inqilab lideri”- nin səmimiyyətinə mən şübhə edirəm- kimliyindən asılı olmayaraq. Siyasi məhbusları müdafiə etməyən, onların məhkəməsinə gəlməyə cəsarəti çatmayan partiya sədrləri hakimiyyətin sifarişini yerinə yetirir. O insanlarla nəinki inqilab etmək, xeyrə- şərə getmək, bir yerdə görünmək belə çox təhlükəli və fəlakətlidir.

Dostlar, bilirsiniz ki, mən daha çox hüquq müdafiə fəaliyyəti ilə məşğulam. Amma vicdanımın səsinə səs verib sizi uyarmağa çalışdım ki, Elçibəyin və Rəsulzadənin şəklini başı üzərindən asıb özünü millətçi və ya Cümhuriyyətçi hesab edən, Vətən, Qarabağ, Demokratiyadan dəm vuran hər kəsə inanmayın. Təxribata və avantüralara uymayın. Biləsiniz ki, ölkəmizdə arzuladığımız dəyişikliyin baş verməməsinin bir səbəbi də belə yalançı, saxta insanların meydan sulamasıdır. Partiya, təşkilat, efir başında olmasıdır. Onların kimliyinin lazımı qədər cəmiyyətə tanıdılmamasıdır. Bu ölkəyə dəyişikliyi M. Mirəlioğlu, Q. Məmmədov kimi əməli ilə sözü uyğun gəlməyən, yalançı qəhrəmanlar yox, Azərbaycanın səmimi, dürüst, mübariz insanları gətirəcək. İnqilabın vaxtını, zamanını təyin edib, onu həyata keçirən, bu hakimiyyəti tarixin arxivinə göndərən də Azərbaycan xalqı olacaq. O gün uzaqda deyil!"- deyə Oktay Gülalıyev bildirib.