Məhkəmə zalında olan Penitensiar Xidmətin əməkdaşları gözyaşardıcı qazdan istifadə etdilər-VİDEO
Bakı Apellyasiya məhkəməsində Gəncə işi üzrə təqsirləndirilən şəxslər Maarif Hacıyev, Ruslan Həsənov, Nizami Əkbərov, Toğrul Verdiyev, Seymur Əliyev, Şahlar Rzayev, Tural Bayramov, Kamal Məhərrəmov, Araz Həsənov və Orxan Yağnəliyevin işi üzrə qərar elan edilən zaman dava baş verdi.Apellyasiya məhkəməsi CM-in 315.2 (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsini 315.1-ə tövsif edərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarını dəyişib, təqsirləndirilən şəxslərin həbs müddətlərini aşağı endirdi.
7gun.org Turan.az-a istinadən xəbər verir ki, elan edilmiş qərar həm təqsirləndirilən şəxslərin, həm də onların qohumların narazılığa səbəb oldu və onlar qışqırmağa və oturacaqları aşırtmağa başladılar.
Məhkəmə zalında olan Penitensiar Xidmətin əməkdaşları gözyaşardıcı qazdan istifadə etdilər. Təqsirləndirilən şəzslərin qohumları zaldan çıxarıldı. Onlar öz etirazını davam etdiriblər. Əraziyə polis güvvələri cəlb edildi. Saxlanılan yoxdur.
Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Məhkəməsi başlanmadığından Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlaya bilməyib.
Sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsinə dair məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.
Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Baş Prokurorluğun yaydığı məlumata görə, 8 qrupun işi məhkəməyə göndərilib. Bu qruplarda ümumilikdə 60 nəfər təqsirləndirilən şəxs var. Onlardan da 6 qrupa hökm oxunub, həmin işlər hazırda apellyasiya məhkəməsində araşdırılır. Daha 2 qrupun işi üzrə birinci instansiya məhkəməsində araşdırmalar davam edir.
"Gəncə işi" üzrə 11 nəfər də beynəlxalq axtarışa verilib.
Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.
Həbs olunanlar məhkəmədə saxlanılarkən və ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.