Qiyas İbrahimov ölkədən çıxarkən saxlanılıb


Bu gün Sərhəd Xidməti NİDA Hərəkatının fəalı və keçmiş siyasi məhbus Qiyas İbrahimovu Azərbaycan-Gürcüstan sərhəddində saxlayıb.

Hərəkatın koordinatoru Samir Əsədli bildirib ki, sərhədçilər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tətbiq etdiyi qadağaya əsaslanıblar. Qadağa onun hərbi bileti qeydiyyata alınmadığına görə tətbiq edilib. Lakin Q.İbrahimov bu yaxınlarda məhz bu hərbi biletin əsasında paspost alıb.

Bir neçə saat sürən uzun yoxlamadan sonra onu ölkədən buraxıblar.

Xatırladaq ki, Q.İbrahimov və digər gənc fəal Bayram Məmmədov 2016-cı il mayın 10-da Bakının mərkəzində Heydər Əliyevin abidəsinə siyasi şüarlar yazdıqdan sonra həbs edilmişdilər.

Gənclər külli miqdarda narkotik maddə alverində ittiham olunaraq 10 il azadlıqdan məhrum edilmişdilər.

Onlar Beynəlxalq Amnistiya təşkilatı tərəfindən "vicdan məhbusları" kimi tanınıblar.

Bu ilin martında hər iki gənc Azərbaycan prezidenti tərəfindən əfv edilib. /Turan.az/