Elçin Quliyev sərhəd bölgəsində olub
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, gene¬ral-polkovnik Elçin Quliyev Qazax rayonunda Ermənistanla sərhəd bölgəsinə səfər edib. Rəsmi məlumata görə, səfərin məqsədi "Sərhəd Qoşunlarının "Qazax" sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətinin yoxlanılması" olub.Səfər zamanı Quliyev əməliyyat şəraiti, ərazi müdafiəsinin və sərhəd mühafizəsinin gücləndirilməsi məqsədilə görülən işlələ tanış olub. Düşmənin mümkün təxribatlarının qarşısının alınması məqsədilə sərhəd döyüş səngərlərində müdafiə mövqelərinin möhkəmləndirilməsi, müqabil ərazidə aparılan işlərə adekvat olaraq ərazidə mühəndis-istehkam tədbirlərinin gücləndirilməsi üzrə tapşırıqlar verib. Qazax və Ağstafa rayonlarında ərazi müdafiəsinin təkmilləşdirilməsi, müasir sərhəd mühafizə infrastrukturunun yaradılması, sərhəd komendantlıqlarında və sərhəd döyüş məntəqələrində yeni xidməti binaların və əsgər kazarmalarının inşa edilməsi, sərhəd döyüş məntəqələrinə yeni yolların salınması, sənaye işığının və qaz xətlərinin çəkilməsi məqsədilə görülən işlərə baxış keçirilib. Bu barədə ölkənin Sərhəd Xidmətinin məlumatında bildirilir.
Qeyd edək ki, dünən Ermənistan tərəfi sözügedən bölgədə Azərbaycan SQ-nin Ermənistanın Berdavan kəndi yaxınlığında mühəndis işləri həyata keçirməyə çalışdıqlarını bildirib. Bu, atışmaya səbəb olub.
Elə həmin ərazidə iki həftə əvvəl Qazax sakini Elnur İbrahimov indiyədək müəyyən edilməmiş şəraitdə Ermənistan tərəfə keçib, yaralanıb və əsir götürülüb.
/Turan.az/