Son illərdə cənub bölgəsinin meşələrində qiymətli ağaclar amansızlıqla “qətlə” yetirilir.
Meşə qaçaqmalçıları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər şəxslərinin bilavasitə himayədarlığı altında meşələrdə sexlər qurur, nadir ağac növlərindən fonerka və parket istehsalında istifadə edirlər.
Talış meşələrində bitən dəmir ağaclarının kütləvi surətdə məhv edilməsi də “qara bazar”da dəmir ağacından hazırlanan parketlərə böyük tələbatla bağlıdır.
Masallı-Yardımlı rayonlarının ərazilərindəki meşələrdə dəmir ağaclarının kökü kəsilmək üzrədir.
Masallı və Yardımlı meşələri 30 ilə yaxındır ki, dövlət orqanlarının laqeyd münasibətindən bərbad hala düşmüşdür. Meşə zolaqlarının iç hissələrində ağaclar kəsilib-doğranaraq mebellər, parketlər və kömür hazırlanmasına sərf olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Masallı və Yardımlı meşə təssərrüfatı və bərpası müəssisələrinin rəhbərliyi meşə zolaqlarının məhv edilməsində qaçaqmalçılarla işbirliyi qurublar.
Yerli sakinlərin məlumatlarına görə meşə zolaqlarının mühafizəçiləri rəhbər vəzifəli şəxslərin göstərişlərinə uyğun olaraq ağacların kəsilməsi və doğranıb satılması işlərini özləri həyata keçirirlər.
Meşə zolaqlarının sıradan çıxması hesabına istirahət mərkəzlərinin, otel-mehmanxanaların, restoranların və müvəqqəti istirahət evlərinin tikilməsinə görə rayon rəhbərləri və meşə təssərrüfatına məsul olan qurumların səlahiyyətli nümayəndələri külli miqdarda qazanc əldə edirlər.
Xatırladırıq ki, meşələrin və meşə zolaqlarının sıradan çıxarılması ekoloji fəlakətlərin yaranmasının səbəblərindən biridir.
7GUN.az mövzunun ciddiliyini nəzərə alaraq araşdırmalarını davam etdirəcək.