Vətəndaş Prezidentdən kömək istəyir


Masallı şəhər 2-ci Dadva məhəlləsinin sakini Nəzərova Zəminə Ağababa qızının şikayəti əsasında 7gun.org 22 oktyabr 2018-ci ildə "Masallı rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Nadir Abıyev rüşət alaraq dələduzluq edib?!" başlıqlı məqalə dərc etmişdi. Biz bildirmişdik ki, Zəminə Nəzərovanın şikayətini diqqət mərkəzində saxlayacağıq.

Bu gün Zəminə Nəzərova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Baş Prokuror Zakir Qaralova ünvanladığı müraciətin surətini 7gun.org-a göndərmişdir. O, bildirir ki, 24 sentyabr 2018-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Nadir Abıyevin 2016-cı ilin may ayından ondan rüşvət alaraq dələduzluq etməsi barədə Prezident İlham Əliyevə və Baş Prokuror Zakir Qaralova ünvanladığı şikayət məktubunu Masallı rayon Prokurorunun köməkçisi İlham Sadıqovun icraatında araşdırılır. İlham Sadıqov ondan və oğlu Əmrahdan baş verən hadisə barədə izahat almışdır. Lakin Prokuror köməkçisi Nadir Abıyevdən hal-hazıra kimi izahat almamış və üzləşmə protokolu tərtib etməmişdir. Zəminə Nəzərova şikayətlənir ki, İlham Sadıqov onun təqdim etdiyi telefon danışıqlarına və videogörüntülərə hüquqi qiymət verməkdən yayınır. Zəminə Nəzərova xahiş edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallı rayon Prokurorluğunda şikayətinin obyektiv araşdırılması və təmin olunmasından ötrü Baş Prokuror Zakir Qaralova müvafiq göstəriş versin.

7gun.org olaraq, Zəminə Nəzərovanın şikayətini diqqətdə saxlayacağıq.

Rafiq Çağlar