Düşmən ölkə liderinə Qarabağ “dərsi”
Ötən həftəsonu Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyaya səfər edib. Qərbyönlü erməni KİV-lərin bu səfərin əhəmiyyətini şişirtməsinə və ona məxsusi rəng verməsinə rəğmən, fakt budur ki, Nikol dünyanın üçüncü iqtisadi nəhəngi sayılan bu Avropa ölkəsindən də əliboş qayıdası olub.
Bəlli ki, Ermənistan rəhbərinin əsas hədəfi bacardıqca işğalçı ölkəyə Qərb sərmayəsini və iş adamlarını cəlb eləmək, çoxlu iş yerləri açmaq, əhalinin güzəranını yaxşılaşdırmaq və nəticə etibarilə ölkədən böyük köçü səngitməkdir. Yəni Dağlıq Qarabağ problemi, erməni təcavüzü faktı sanki yoxmuş kimi, Avropa Birliyi və ABŞ üçün Ermənistanın investisiya cəlbediciliyinə nail olmaqdır.
Lakin Paşinyan 9 aydır bu yöndə ciddi nəticəyə nail ola bilmir. Hətta heç Qərbdəki varlı erməni iş adamları da buna həvəs göstərmirlər. Onların da, Qərbin də Paşinyan iqtidarı qarşısında tək şərti Ermənistanın Rusiyanın təsir dairəsindən uzaqlaşmasıdır. Bu isə Qarabağ məsələsində müsbətə doğru real dönüş olmadan, iki əsas qonşu - Azərbaycan və Türkiyə ilə Ermənistan dil tapmadan mümkünsüzdür.
*****
ABŞ, Avropa rəsmiləri bu şərti artıq açıq şəkildə bəyan eləməyə başlayıblar. Prezident Donald Trampın Nikol Paşinyana təbrik məktubunda da bu tezis “qırmızı xətt” kimi keçib. Paşinyan isə Rusiyaya sədaqət andı içməkdə, paralel surətdə Qərbi maliyyə köməyi göstərməməkdə qınamaqdadır.
“Ermənistan alman kapitalının cəlb edilməsi ilə bir sıra proqramlar həyata keçirilməkdədir. Biz ümid edirik ki, Ermənistana Almaniya sərmayələrinin həcmi mütləq artacaq”. “Yeni Müsavat”ın məlumatına görə, bunu Paşinyan Almaniya kansleri Angela Merkellə Berlində keçirilən mətbuat konfransında deyib. Məlumatlara görə, görüş zamanı tərəflər regional və beynəlxalq gündəliyin əsas mövzularına, o cümlədən Qarabağ məsələsinə də toxunublar.
Lakin Merkel “demokratik Ermənistan”a böyük alman sərmayələri ilə bağlı Paşinyana heç bir vəd verməyib. Məsələ də ondadır ki, Qarabağ, işğal problemləri aradan qalxmayınca Ermənistanın Qərbə yolu bağlı qalacaq. Paşinyan üçün Almaniya səfərinin əsas dərsi budur. Kansler Merkel bir daha Dağlıq Qarabağ məsələsini “açar problem” kimi onun diqqətinə çatdırıb. O da aydındır ki, Rusiyanın qapazaltısı olan, əsas qonşuları ilə sərhədləri bağlı və dünya okeanına çıxışdan məhrum Ermənistana heç bir aparıcı Avropa ölkəsi, ABŞ böyük yatırımlar qoymayacaq.
Xatırladaq ki, Almaniyadan az əvvəl Paşinyan Rusiyada səfərdə olmuşdu. Lakin prezident Vladimir Putin onu qəbul eləməmişdi. Kremlin ondan narazılığının motivi məlumdur. Rusiya lideri Ermənistanın yeni qərbpərəst rəhbərliyinə, “iki stul” siyasəti aparan Nikol Paşinyana ürək qızdırmır, inanmır. Hərçənd Kreml başçısı onunla işləmək zorundadır.
Moskva indi əlindəki ən müxtəlif rıçaqlar (Ermənistana satılan təbii qazın qiyməti və Rusiyadakı erməni əmək miqrantları məsələsi manipulyasiya, Moskvaya sadiq Qarabağ klanından təzyiq kimi istifadə və s.), habelə şirnikləndirici üsullarla (yeni silah vədi), qısası, “qamçı və kökə” taktikası hesabına Paşinyanın cilovunu əlinə yığmağa çalışır. Lakin müşahidələr göstərir ki, Moskva hələ ki Paşinyanla bağlı son sözünü deməyib. Yəqin ki, qarşıdakı aylar bu xüsusda kulminasiya dövrü kimi yadda qalacaq.
*****
Ermənistan baş naziri bu ay İrana da səfərə gedəcək. Bu barədə Paşinyanın özü Almaniyadakı erməni icması ilə görüşündə bildirib. İran bu ilk səfər fevralın 27-ə nəzərdə tutulur və təbii ki, ABŞ-ı qızdıracaq.
Onsuz da blokada şəraitində olan kasıb Ermənistan İran üçün iqtisadi-ticari baxımdan elə mühüm önəm daşımır. Bu və digər səbəbdən həmin səfərin də Ermənistan üçün pozitiv nəticələr və perspektiv baxımdan fiasko olacağı şübhə doğurmur. Onu da unutmaq olmaz ki, Rusiya və İranı ABŞ-a münasibətdə nə qədər ortaq maraq birləşdirsə də, onlar regional rəqiblərdir. Bundan başqa, İran qazı Rusiya qazına real alternativ qismindədir.
Əlbəttə, Paşinan çox istərdi ki, işğal problemi, Qarabağ məsələsi çözülmədən Ermənistanın Türkiyə ilə də rəsmi əlaqələri olsun, sərhədlər açılsın və hətta o, qardaş ölkəyə də səfər eləsin. Ancaq rəsmi Ankara artıq onun cavablını verib: öncə Azərbaycan torpaqlarını boşalt!
*****
“Əslində Paşinyan üçün iki seçim var: ya təcrid siyasəti davam etdiriləcək və növbəti dəfə o, özü inqilabların qurbanı olacaq. Ya da münaqişənin həlli istiqamətində konkret addımlar atacaq”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib.
Politoloq hesab edir ki, Paşinyan hazırda ciddi təzyiq altındadır. “Bu, açıq-aşkar görünür. Əvvəla, ölkə daxilindəki Qarabağ klanı istənilən açıqlamadan istifadə edərək, ona qarşı ittihamlar səsləndirir. İkincisi, bütövlükdə Ermənistan cəmiyyətinin sosial-iqtisadi durumu elə vəziyyətdədir ki, istənilən hadisə ilə bağlı qığılcım növbəti katakilizmlərin baş verməsinə gətirib çıxara bilər. Önəmli faktorlardan biri isə Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi və bütövlükdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin qlobal müstəvidə əsas şərtlərdən biri kimi ortaya qoyulmasıdır. Yəni Paşinyan istəsə də, danışıqlar prosesindən geri qaça bilməz. Paşinyanın beynəlxalq müstəvidə inteqrasiya və ölkəyə investisiya cəlb etməsinin yolu da məhz onun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş etdirəcəyi mövqedən asılıdır”, - deyə təhlilçi qeyd edib.
Onun sözlərinə görə, əgər Ermənistan Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutarsa, o zaman Ermənistana müəyyən investisiyaların cəlb edilməsi mümkün olacaq: “Eyni yanaşma ATƏT-in həmsədri olan ölkələr tərəfindən ortaya qoyulub. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan prezidentinə telefonla zəngində də biz prioritet istiqamət kimi təhlükəsizlik məsələləri kontekstində Qarabağ konfliktinin həllinin ortada müzakirə mövzusu olduğunun şahidi olduq. Eləcə də ötən il Donald Trampın İlham Əliyevə ünvanladığı məktubların ikisində də Qarabağ münaqişəsinin həlli ilə bağlı yaxın zamanlarda ciddi prioritetlərin açılacağının vurğulanması əslində prosesin öncədən elan olunduğunu ortaya qoyur”.
Analitikin qənaətincə, Qarabağ ixtilafının həlli hazırda Ermənistan üçün ölüm-dirim məsələsidir. “Çünki əvvəllər bu məsələ Ermənistanın qarşısında yalnız Azərbaycan və Azərbaycanla müttəfiq ölkələr kontekstində qoyulurdusa, indi artıq beynəlxalq müstəvidə Ermənistandan tələb olunur. Şübhəsiz ki, Paşinyan konfliktin həllinə cəhd göstərməzsə, o zaman müharibənin başlama ehtimalı çox böyükdür. Əgər müharibə başlayacaqsa, Azərbaycan öz hüquqlarından istifadə edərək, ərazilərinin bərpası istiqamətində addım atacaqsa, bu, qısa müddətdə həm də Paşinyanın siyasi hakimiyyətdən getməsinə səbəb olacaq. Yəni bu gün bölgədəki regional və qlobal proseslər Ermənistanın əleyhinədir. Bu baxımdan ənənəvi qaydada Paşinyan Ermənistanda bir bəyanat, başqa bir ölkədə başqa bəyanatlar səsləndirir. O, bununla diqqəti əslində danışıqlar prosesinin mahiyyətindən yayındırmağa çalışır”, - deyə politoloq əlavə edib.
*****
Ancaq İrəvanın “iki stul” siyasəti, habelə sülhlə bağlı, Qarabağla bağlı söz oyunu uzun sürə bilməz. Çünki hazırkı qeyri-müəyyənliyin bitməsini hər şeydən öncə mövcud şərtlər, həmçinin Ermənistanın davam edən ağır sosial-iqtisadi durumu və bir də Paşinyanın öz xalqına verdiyi vədlər diktə edir...
/“Yeni Müsavat”/