Saleh Rüstəmov məhkəmədə işgəncələrdən danışıb


Bakı Ağır Cinayətlər Məhkəməsində "AXCP-nin qanunsuz maliyyələşdirilməsi haqqında" adlanan iş üzrə proses davam edir.

Xatırladaq ki, məhkəmə qarşısında üç fəal- partiya Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Nərimanov rayon şöbəsinin rəhbəri Babək Həsənov, Gənclər Komitəsinin fəalı Ruslan Nəsirli, həmçinin sahibkar Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli dayanıb.

2018-ci il mayın 26-da Baş Prokurorluq onların AXCP-nin "qanunsuz maliyyələşdirilməsi" ittihamı ilə həbs olunduğunu bildirib. Həbs olunanlar qanunsuz sahibkarlıq, cinayətkar yolla əldə edilmiş pulların yuyulması və s. ittiham olunublar.

AXCP qanunsuz maliyyələşmə ittihamını rədd edib. Həbs olunanlar hüquq müdafiəçiləri tərəfindən siyasi məhbuslar kimi tanınıblar.

Yanvarın 24-də Eldar İsmayılovun sədrliyilə prosesdə müttəhim Saleh Rüstəmovun ifadəsi dinlənilib.

O danışıb ki, 1992-1993-cü illərdə Gədəbəy rayonunun icra başçısı və Xalq Cəbhəsinin üzvü olub.

1998-ci ildən S.Rüstəmov Rusiyada yaşayır, RF vətəndaşlığı alıb, kiçik bizneslə məşğul olub. Azərbaycana qohumlarının yanına gəlib. Növbəti səfər zamanı saxlanılıb.

"Mayın 8-də həyat yoldaşım və qardaşım ilə avtomobildə gedirdik. Şəmkir və Gəncə arasındakı QAİ postunda bizi saxladılar. 10-15 nəfər mənə hücum edərək Şəmkir polisinə apardı. Orada guya məndə 30 qr. heroin tapılmasına dair protokolu imzalamağı təklif etdilər. Mən imtina etdikdə orada olan vəzifəli şəxslərdən biri dedi: "İndi biz bura sənin həyat yoldaşını və qardaşını da gətirəcəyik və onları da həbs edəcəyik, lazım gələrsə bütün qohumlarını həbs edərik".

Bundan sonra mən məcbur olub "narkotik maddə"ni küçədə tapdığıma dair protokolu imzalamalı oldum", - S.Rüstəmov bildirib. Həmin gün onu DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar.

"Orada mənə dedilər ki, sabah məhkəməyə çıxacam və artıq-əskik danışmayım". "Özün ilişmisən, heç olmasa qohumlarını ilişdirmə", - müstəntiqlərdən biri dedi və bacımın fotosunu göstərdi, mənzilinin ünvanını dedi.

Ona görə də məhkəmədə mənim barəmdə həbs qətimkan tədbiri seçiləndə heç nə danışmadım. Məhkəmədən sonra mənə dedilər "indi danış, görək, partiyanı necə maliyyələşdirirdin". Mən cavab verdim ki, ancaq siyasi məhbusların - AXCP üzvlərinin ailələrinə maliyyə yardımı göstərmişəm.

Onun sözlərinə görə, Azərbaycana şəxsi vəsaitini göndərib, sonradan isə digər azərbaycanlılardan toplanmış ianəni göndərib. Ümumilikdə, S.Rüstəmov hər ay siyasi məhbusların ailələrinə 400-500 dollar göndərib. Ön böyük pul göndərişi 1200 dollar olub.

Ancaq işgəncə altında onu məcbur ediblər ki, hər ay AXCP lideri Əli Kərimliyə 25-30 min dollar göndərdiyini etiraf etsin.

"Vaxtaşırı yanıma dörd-beş nəfər gəlib döyürdü, üzümə tüpürürdü, ən pis sözlər ilə təhqir edirdi. Burada mənim qohumlarım əyləşib. Ona görə də işgəncə formaları haqda ətraflı danışmaq, onları sarsıtmaq istəmirəm. Ancaq elə ki qardaşım oğlu Vidadi Rüstəmlini gətirib ona işgəncə verməyə başladılar, özümü saxlaya bilməyib dedim ki, hər şeyə imza ataram, ancaq oğlana əziyyət verməsinlər.

Məndən tələb etdilər ki, guya Moskvada görüşdüyüm oliqarxların adlarını sadalayım. Heç zaman görmədiyim adamların adlarını çəkdilər - Abbas Abbasov (Azərbaycan hökumətinin keçmiş baş nazirinin birinci müavini), İsgəndər Xəlilov (Azərbaycanda və Rusiyada böyük biznesi var) və iki başqa adam", - S.Rüstəmov bildirib.

O qeyd edib ki, Moskvada ayaqqabı satışı ilə məşğul olub, böyük oğlunun müalicəsi üçün pul qazanıb, Azərbaycanda heç bir siyasi ambisiyası yoxdur və daimi yaşamaq üçün ölkəyə qayıtmaq istəməyib.

Bundan sonra hakim elan edib ki, növbəti iclas yanvarın 25-də olacaq.