Azad Həsənova qarşı narkotik ittihamı irəli sürülür


Müsavat Partiyasının fəalı Azad Həsənova qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqarda törədildikdə) cinayət işi qaldırılıb.

7gun.org bildirir ki, bu barədə vəkil Osman Kazımov Turan-a bildirib.

Onun sözlərinə görə, oktyabrın 12-də Xətai rayon Məhkəməsi hakim İbrahim İbrahimlinin sədrliyi ilə Həsənov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

İttiham məhkəmədə sübut olunarsa Azad Həsənovu əmlakı müsadirə edilməklə, 5 ildən 12 ilədək həbs gözləyir.

Azad Həsənov oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Vilnyusdan Bakıya gəlib. Ailə üzvlərinin dediyinə görə, o, sərhədi problemsiz keçib, günortaya qədər atasıyla bir yerdə olub.

Sonra özlərini polis kimi təqdim edən mülki geyimli şəxslər Həsənovu zorla avtomobilə oturdaraq qeyri-müəyyən istiqamətə aparıblar.

Müsavat Partiyası fəalın saxlanılmasını pisləyən bəyanatla çıxış edib.

"Müsavat Partiyası hakimiyyətdən qisasçılıq və repressiya siyasətinin dayandırılmasını, hüquq-mühafizə orqanlarından Azad Həsənovun azad olunmasını tələb edir", sənəddə belə deyilir.

Müsavat Partiyasının mətbuat xidməti bildirir ki, Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. O, 2014-cü ilin fevralından mühacirətdədir, ailəsi ilə birgə Litvada siyasi sığınacaq alıb.