Əli Kərimli Avropa Məhkəməsinə üz tutacaq


Dekabrın 14-də Bakı Apelyasiya Məhkəməsində AXCP sədri Əli Kərimlinin 2500 manat cərimələnməsi barədə Səbail Rayon Məhkəməsinin çıxardığı qərarından verilmiş şikayətə baxılıb.


Əli Kərimlinin özünün iştirakı olmadan keçirilən məhkəmədə onu vəkil Fuad Ağayev təmsil edib.

Vəkil noyabrın 17-də Ə.Kərimli saxlandığı gün həmin ərazidəki müşahidə kameralarının qeydə aldığı görüntülərə baxış keçirilməsi barədə vəsatət qaldırıb.

F.Ağayev bildirib ki, əgər görüntülər araşdırılsa, Ə.Kərimlinin, yoxsa onun inzibati xətaya yol verdiyini iddia edən polisin haqlı olduğu aydınlaşacaq. Bu baxımdan, videogörüntülərə baxış keçirilməsi mütləqdir.

Hakim vəsatəti təmin etməyib.

Əli Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.1 (yığıncaq, mitinq, nümayiş, küçə yürüşləri və piketlərin təşkilinin, keçirilməsinin "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulması) maddəsilə təqsirli bilinərək, cərimələnib.

F.Ağayev isə məhkəmədə bildirib ki, bu ittiham əsassızdır, həqiqəti əks etdirmir. Çünki həmin gün Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli və cəbhəçilər yürüş keçirməyib, onlar Milli Dirçəliş Gününün 30 illiyilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib, onların məzarı üstünə gül qoymaq istəyiblər.

Vəkil Səbail Rayon Məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu bildirib və onun ləğv olunmasını istəyib.

Hakim Qədim Babayev isə qərarı qüvvədə saxlayıb.

Ə.Kərimli özü də Səbail Rayon Məhkəməsində bu məsələyə baxılarkən demişdi ki, onlar həmin gün siyasi aksiya, yürüş yox, anım mərasimi keçiriblər: "Bu barədə öncədən "Facebook” səhifəmdə də yazmışdım ki, Şəhidlər Xiyabanını ziyarət edəcəyik. 1988-ci ildə - mən hələ tələbə idim - biz Meydan hərəkatını başlatdıq, Azadlıq meydanını Kommunist Partiyasından aldıq. Həmin gün başlayan hərəkat Azərbaycanın dövlət müstəqilliyinə, indi bu zalda olan üçrəngli bayrağın yenidən dalğalanmasına gətirib çıxardı. Biz ona görə məhz həmin gün bu ölkənin müstəqilliyi uğrunda canından keçən adamların ziyarətinə getmək qərarı verdik”.

7gun.org-ın məlumatına görə AXCP mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, Bakı Apelyasiya Məhkəməsinin qərarından sonra növbəti hüquqi addım Avropa Məhkəməsinə müraciət etmək olacaq.