Himn “Azərbaycan Cümhuriyyət dövrünün yadigarı”dır -Sabir Rüstəmxanlı
Millət vəkili Tahir Kərimli Azərbaycan himninin uzunluğundan və yorucu olmasından gileylənib. O deyib ki, digər himnlər 2-2.5 dəqiqə olduğu halda, Azərbaycanın dövlət himni 4 dəqiqədir: “Azərbaycan himni minor janrındadır, mərsiyə deyil axı...”
Qeyd edək ki, millət vəkili himnlə bağlı bu sözləri Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, dəfələrlə himni azaltmaqla bağlı təkliflər edilib. Tahir Kərimli xatırladıb ki, Üzeyir Hacıbəyov Azərbaycan Sovet Respublikasının himinini hazırlayıb və o, indikindən daha nikbin idi: ”Bunlar nəzərə alınmalıdır. Xahiş edirəm, himnin həcmi azaldılsın, yoruculuqdan xilas olsun, bədbin notlar götürülsün”.
7gun.org xəbər verir ki, məsələ ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, eks-millət vəkili Sabir Rüstəmxanlı Cebhe.info-ya açıqlamasında himni “Azərbaycan Cümhuriyyət dövrünün yadigarı” adlandırıb: “Bu səbəbdən o dövrün atributları bizə doğmadır, onları qoruyuruq. Amma müəyyən məclislər üçün Azərbaycan himninin qısa variantını hazırlamaq olar. Ümumiyyətlə isə himni dəyişməyə ehtiyac yoxdur. Nə musiqisini, nə də sözlərini...”
Sabir Rüstəmxanlı himnin mərsiyə üslubunda olmadığını bildirib: “Səhərdən axşama qədər televiziyalarımız muğamatı mərsiyə kimi oxuyanlar, İran ağzı ilə ifa edənlər və meyxanalarla doludur . Onun qayğısına qalmaq lazımdır”.