Tanınmış vəkil sabiq müstəntiqdən yazdı
Yalçın İmanov:" Rüfətin müdafiəsinə təəssüf ki çox gec, Ali Məhkəmədə, kassasiya şikayəti mərhələsində qoşuldum".Rüfət Səfərovun həbsindən 2 il keçdi. Bu “əlamətdar gün” onun bir az da geniş tanıdılması üçün fürsət olmalıdır, məncə. Mən də o fikirdəyəm ki, Rüfət, onun fərdi, amma böyük qiyamı yerli və beynəlxalq cəmiyyətin, bütövlükdəsə geniş kütlələrin diqqətini layiq və lazım olduğu qədər çəkməyib.
Onun həbsinin əsl səbəbi təbii ki, üç il əvvəl, 2015-ci ilin dekabr ayının sonlarına yaxın verdiyi səs-küylü istefa bəyanatıdır. Həmin bəyanatda Rüfət Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini bəyan elədi, hakimiyyəti sərt ifadələrlə tənqid etdi, heç bir günahı olmayan insanların həbsə atıldığını, ölkədə qanunsuzluqların, rüşvətxorluğun və korrupsiyanın geniş yayıldığını bildirdi. Zakir Qaralovun təsərrüfatından birbaşa xalqın səfinə. Ağlagəlməz və mütləq cəzalandırılacaq bir addımıydı.
Bəyanatdan cəmi bir gün sonra, 21 dekabrda Baş Prokurorluq əks bəyanat yayıb, Rüfəti prokurorluq sıralarından xaric etdi. İşdən çıxarmanın motivi beləydi: “prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə…”. Ardınca, çox az sonra, 2016-cı il yanvarın əvvəlində cinayət işi açıldı. Beş epizodlu bu cinayət işinin cəmi yekununa görə, Rüfət müstəntiq işlədiyi dövrdə guya müxtəlif şəxslərdən cəmi 6.000 manat rüşvət almışdı. İstefa bəyanatından bir-iki həftə sonralıq pauza da yalnız bu saxta cinayət işinin düzülüb-qoşulmasına sərf edilmişdi.
Bu cinayət işinin primitiv ssenarisi və hüquqi zaylığını sübut etmək üçün o qədər də baş sındırmağa ehtiyac yoxdu, bir iki müdafiə dəlilinə nəzər yetirmək kifayətdir.
Rüfətdən bütün şikayətlər, yəni ona müstəntiq işlədiyi dövrdə rüşvət verdiyini iddia edənlərin hamısı vəzifəli şəxslər idi. Zərdab rayon Baytarlıq İdarəsinin rəisi, Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri, Zərdab rayon icra hakimiyyəti başçısının Məlikli kənd inzibati ərazi dairəsinin nümayəndəsi, Zərdan rayonu Əlibəyli Bələdiyyəsinin sədri və Zərdab rayon Elektrik Şəbəkəsinin Satış Şöbəsinin rəisi. Bir sözlə, hər şeyə hazır rayon məmurlarının miskin konqlemeratı.
Bu vəzifəli şəxslərin hamısı Rüfət haqqında şikayəti onun istefa bəyanatından sonra vermişdilər. Yəni, 20 dekabr 2015-ci ildən sonrakı günlərdə. Aydındır ki, şikayətçilərin Rüfət müstəntiq işlədiyi dövrdə ondan şikayət etməmələrinin səbəbi barədə heç bir cavabları yoxuydu və onların hamısının eyni vaxtda şikayət vermələri və sinxron hərəkətləri vahid təlimatla idarə edildiklərinə dəlalət edirdi.
Bu vəzifəli şəxslərin hamısı Rüfətə rüşvət verərkən yanlarında başqa heç kimin olmadığnı bildirirdilər. Yəni, şikayətçilərin rüşvət verməsi və həmin rüşvətin Rüfət tərəfindən guya alınması şikayətçilərin ifadəsindən başqa, digər hər hansı başqa sübut növü ilə təsdiq olunmurdu.
Tərs kimi ortalıqda cinayətin predmeti olan maddi sübut – rüşvət kimi alındığı iddia edilən pullar da yoxuydu.
Digər dəlillər də var, amma bu sadalananlar kifayət deyilmi?!
Rüfətin müdafiəsinə təəssüf ki çox gec, Ali Məhkəmədə, kassasiya şikayəti mərhələsində qoşuldum. Xatirimdədir, onunla saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsində görüşüb, ittihamı müzakirə edəndə, mütəvazi təbəssümlə, əllərini yana açıb, “ilk əvvəl fikirləşirdim ki, istefa bəyanatını 2016-cı ilin yanvarında verim, həmin vaxt məzuniyyətə çıxmalıydım, təxminən 7.000 manata yaxın məzuniyyət pulu almalıydım. Sonra fikirləşdim və öz-özümə dedim ki, ay Rüfət, başqa vaxt deyirsən, bağ belə, bostan belə, indi o məzuniyyət pulunu almağımı gözləyəcəsksən?!” – dedi.
Yeddi min manata yaxın halal haqqını almağı gözləməyən adama altı min manatlıq rüşvət almaq ittihamı! Gülünc, axmaq bir şey yəni. Min manatlıq kəm-kəsirli absurd!
Rüfət çox həssas, ürəyiyuxa, özündən başqa hamını düşünən, düyanın mənəvi irsiylə tanış, inadkar və getdiyi yola sədaqətli, həddən artıq istiqanlıdı. Onun xarakterini açmaq üçün bir-iki detal yetərlidi, düşünürəm.
2016-cı ilin 8 sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunur. Rüfətin fikrisə başqa yerdədi. Yanında duran vəkilinə pıçıldayır, Bakıdan, uzaq yoldan məhkəməyə gəlmiş imkansız qohumunun geri necə qayıdacağını, yol pulunun olub-olmamasını soruşur və imkan olsa hökmdən sonra onunla sağollaşmasına şərait yaratmasını xahiş eləyir. Və həmin qohumuyla görüşüb ayrılanda əlinin içində sıxdığı pulu onun ovcuna qoyur…
Yaxud, məhkəməsi getdiyi dövrdə, hökm ərəfəsində, üstəlik, ev dustaqlığında ola-ola, Milli Şuranın 11 sentyabr 2016-cı il tarixli mitiniqinə dəstək verir, hamını həmin aksiyada işitiraka çağırır, sabiq səhiyyə naziri Əli İnsanov haqda başlanmış yeni cinayət işinin qondarma olduğunu, onun günahsızlığını və bu cinayət işinin onu həbsdə saxlamaq məramına xidmət etdiyini yüksək səslə bildirir. 9 illik ittiham hökmüylə çilik-ağac yəni.
Rüfət Səfərovun çoxunun xəyal etdiyi bir vəzifədən istefa verib, həqiqətin tərəfinə keçməsi Azərbaycan hüquq-mühafizə orqanlarının tarixində bir ilkdir. Hər halda mən belə bilirəm, başqa nümunə varsa, bilənlər desin.
Bu böyük qiyam, yaxud Rüfət Səfərov nümunəsi Azərbaycan cəmiyyətinin bütün olub-keçənlərə, son onillər birgə yaşadıqlarımız dəhşətlərə cavabı, mənəvi bəraəti, apologiyasıdır.
Bu, həm də Rüfətin özünün apologiyasıdır. Bundan sonra Rüfət ömrüboyu əlini ağdan qaraya vurmasa da, onun 20 dekabr 2015-ci il tarixdəki davranışı bütün həyatını mənalandırmağa yetər.
Dərin tayfalaşma və üfunətli eqoistləşmə dövrünün qızıl çağlarını yaşayan ölkəmizdə belə nümunələrin gözdən-könüldən iraq qalması, autsayderliyi bir az da təbii görünür.
Amma şəxsən məndən olsaydı və gücüm yetsəydi, elə bu yayın sonundan etibarən hər səhər qəhvəaltısından dərhal sonra bu nümunəni hələ baxşılarının şaxı sınmamış azərbaycanlı yeniyetmələrə desert kimi “qəbul edilməsini” göstəriş verərdim…
Meydan.tv