Siz bizi axmağ hesab edirsiz, yoxsa...?!


Verdiyiniz açıqlamaya özünüz inanırsız? Hadisəyə münasibətiniz vətəndaşa qarşı olan haqsızlıqdan daha betərdir.

Dünən yəni, 21.08.2022-ci il tarixdə 7GÜN TV-də “Masallı Dövlət Yol Polis əməkdaşlarının “çax-çux”u baş ağrıdır” başlıqlı yazı dərc olundu. Yazıda qeyd edilirdi ki, 17.08.2022-ci il tarixdə axşam saatlarında Masallı rayon Ərkivan qəsəbə sakini Araz Eynullayev etibarnamə əsasında idarə etdiyi Vaz 2106 markalı 44-BT-707 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin inspektoru Ruslan Rəhimov tərəfindən güya avtomobilin sənədlərində hansısa problemin olmasına görə saxlanılıb. Sonra onu YPX avtomobili ilə rayonun Polis Şöbəsinə aparıblar. Araz Eynullayev deyir ki, Polis Şöbəsinin həyətində məhkəmə qərarı olmadan onun avtomobilində ciddi axtarış aparılıb. Maraqlıdır ki, inzibati qayda pozuntusuna görə saxlanılan sürücünün avtomobili nə üçün təpədən dırnağa qədər axtarılsın ki? Bu qanunsuz deyilmi? Araz Eynullayevin sözlərinə görə, o, polis əməkdaşına avtomobilin sənədləri ilə bağlı hər hansı problem varsa inzibati qaydada cərimə ödəməyə hazır olduğunu bildirib. Ancaq polis əməkdaşları Araz Eynullayevin etibarnamə əsasında idarə etdiyi avtomobilini cərimə meydançasına salmamaları üçün ondan 100 AZN pul istəyiblər. Araz Eynullayev qanunsuz tələb olunan pulu polis əməkdaşlarına verməkdən imtina edib. Bundan sonra onu narkoloji testdən keçirmək adı ilə qorxudublar. Hətta, buna görə ondan sidik analizi də götürülüb. Analizin nəticələri tərtəmiz çıxıb. Bütün bunlardan sonra Araz Eynullayevi Masallı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Asəf Mustafayevin qəbuluna aparıblar. Bir qədər söhbətdən sonra vətəndaş sərbəst buraxılıb.

Araz Eynullayev qeyd edir ki, polis əməkdaşları onunla ailəsinin yanında şəxsiyyəti aşağılayan şəkildə davranıblar.

Məlum məsələ mətbuatda dərc olunan kimi Masallı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Asəf Mustafayevin tapşırığına əsasən sürücü Araz Eynullayevə inzibati qayda pozuntusu barədə protokol tərtib edilib.

Açığı, biz bu məsələ ilə bağlı obyektiv araşdırmanın aparılacağını gözlədiyimiz halda, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional Qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev açıqlama verib. O, açıqlamasında bildirib ki, həmin nəqliyyat vasitəsinin sürücüsü qeyd edilən tarixdə avtomobilin arxa yayları nasaz vəziyyətdə olduğu üçün saxlanılıb. İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən sürücü barəsində inzibati protokol tərtib edilib. Səsləndirilən iddiaların heç bir əsası yoxdur. Həmin şəxsə qarşı heç bir qanunsuz tələb irəli sürülməyib.

Açıqlamadan açıq-aşkar görünür ki, Məhəmməd Rzayev polis əməkdaşlarının qanunsuz əməl və hərəkətlərini ört-basdır etməyə cəhd edib. Belə olan halda sürücü Masallı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə dəvət edilməli və hərtərəfli araşdırılma aparılmalı idi. Təəssüf ki, biz bunun əksini gördük. Bir daha qeyd edirik ki, hadisə 17.08.2022-ci il tarixdə baş verib. Ancaq Masallı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəhbər şəxsləri "özlərini sudan quru çıxartmaq" üçün 21.08.2022-ci il tarixdə Araz Eynullayevin özünün də xəbəri olmadan ona cərimə protokolu tərtib ediblər.

Biz nə axmaq, nə də savadsız deyilik. Yeri gələndə istənilən sahədə sizin kimilərlə hüquqi məsələləri müzakirə edə bilərik. Heç olmasa, biraz da olsa utanın. Özünüzü biabır etməyin. Sizin marağınız nədir ki, araşdırma aparmadan qərəzli münasibət bildirirsiz?!

Araz Eynullayev bildirir ki, Masallı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları dəfələrlə ona qarşı belə rəftar edıblər.

Sonda onu da qeyd edək ki, bu yazı saytda dərc edilib sosial şəbəkələrdə paylaşdıqdan sonra çoxlu şərhlər yazılıb. Ümumi nəticə belədir ki, ölkənin hər yerində
Dövlət Yol Polisi əməkdaşlarının fəaliyyətindən narazılıq var.

Qarşı tərəfin mövqeyini də dərc edə bilərik.

Aygün Mustafayeva