Yol Polisinin işlərində qüsurlar və problemlər


Bu gün də Yol Polisinin işlərində qüsurlar və problemlər kifayət qədərdir. Lakin bu barədə ölkə mətbuatında və internet resurslarında yayımlanan materialların bəzilərinin obyektiv araşdırılmaması belə halların daha da çoxalmasına rəvac verir.

Buna misal olaraq qeyd etməyi vacib bilirik ki, Lənkəran şəhər Yol Patrul Xidmətinin bəzi əməkdaşları mövcud qanunvericiliyin tələblərinə riayət etmirlər. Onlar sürücülərlə öz istəklərinə uyğun tərzdə rəftar edir, onlara müxtəlif bəhanələrlə cərimələr yazır, hətta, şərləyib həbs etdirəcəkləri ilə qorxudurlar.

Masallı rayon Ərkivan qəsəbəsinin sakini Mənsimov Elvar Nəsirağa oğlu 7GÜN-ə müracət edərək Lənkəran şəhər Yol Patrul Xidmətinin əməkdaşı Sadiq İbadovun qanunsuz hərəkətlərindən şikayətini bildirmişdir. Elvar Mənsimov yazır ki, mən, 04 oktyabr 2021 - ci il tarixdə təqribən axşam saat 18 radələrində idarə etdiyim VAZ 2107 markalı 44 BL 914 dövlət qeydiyyat nişanlı avtomobilimlə ağır xəstə olan atamı Lənkəran şəhərinə xəstəxanaya apararkən Ləvəngi deyilən ərazidə Yol Patrul Xidmətinin əməkdaşı 99 YP 572 nömrəli avtomobilin sürücüsü Sadiq İbadov tərəfindən saxlanılmışam. Mən ona atamın ağır xəstə olduğunu, təcili olaraq həkimə apardığımı və heç bir qanun pozuntusuna yol vermədiyimi bildirdikdə Sadiq İbadovun yanında olan digər əməkdaş "ayə, Masallıdandır, aparaq soxaq içəri" deyərək üstümə yeridi. Məni Post Patrul Xidməti çağıracağı ilə hədələdi.Sadiq İbadov mənə irad tutdu ki, avtomobilin sol tərəfdən arxa purjeni kəsilib. Polis şöbəsinə gedib ekspertiza keçirəcəyik. Mən onlara bildirdim ki, atamı həķimə çatdırım, sonra istənilən tədbiri görün. Lakin Sadiq İbadov və yanında olan əməkdaş xəstələrə necə münasibət göstərmək haqqında qanunvericiliyin tələblərinə belə riayət etmədən bizi Polis şöbəsinə apardılar.

Polis şöbəsinin Dövlət Yol Polisi bölməsində məni və ağır xəstə olan atamı 2 saatdan çox saxladılar. Onlar təhqiramiz ifadələr işlədir, çalışırdılar ki, məni qıcıqlandırsınlar. Avtomobilin sol arxa purjeni üzərində ekspertiza keçirilmədi. Sadiq İbadov mənə bildirdi ki, 150 manat cərimə olunursan. Cərimə edilməyim barədə protokol tərtib olundu. Otaqda protokolu tərtib edən əməkdaş dedi ki, "cəriməni qəbul etməsən, səni soxduraram içəri". Onlar güclə nəfəs alan atama tibbi yardım göstərilməsi üçün həkim də çağırmadılar. Təqribən axşam saat 20 radələrində Sadiq İbadov mənə avtomobilimi idarə etməyə icazə verdi. Onların məqsədi cərimə yazmaq olub. Mən Lənkəran şəhər Yol Patrul Xidmətinin əməkdaşı Sadiq İbadovun və digərlərinin hüquqa və əxlaq normalarına sığmayan hərəkətləri barədə Respublika Baş Prokuroru cənab Kamran Əliyevə, Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalova müraciət edərək şikayətimi bildirmişəm. Lakin hal- hazıra kimi şikayətlərimlə bağlı tədbir görülməyib. Mənə zorakılıqla yazılan 150 manat cərimənin miqdarı faizlə 300 manata yaxındır. Yazılan əsassız cəriməni isə ödəməyə maddi imkanım yoxdur. Nə etməliyəm?!"

Elvar Mənsimovun şikayəti ilə bağlı onun və atasının iştirakı ilə Lənkəran şəhər Yol Patrul Xidmətinin əməkdaşı Sadiq İbadovla görüşüb araşdırma apardıq. Sadiq İbadov bildirdi ki, məsələni həll edəcəyik. Lakin hal-hazıra kimi görülən tədbirdən səs-soraq yoxdur.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.