Masallıda polis özbaşınalığı - Yenilənib


Masallı rayon Bədəlan kənd sakini Səfərov Əfləddin Fəxrəddin oğlu polis özbaşınalığı ilə qarşılaşıb.

Bu barədə 7GÜN TV-yə müraciət edən şikayətçi ona məxsus "QAZEL" markalı avtomobili 3 mart 2022-ci il tarixində Masallı rayon Yol Patrul Xidmətinin əməkdaşı Anar Qurbanlı tərəfindən əsaslı səbəb olmadan saxlanılıb cərimə meydançasına aparıldığını bildirir.
Əfləddin Səfərov şikayətində göstərir ki, avtomobili rayonun Boradigah qəsəbəsində bazarın yanında saxladığı zaman DYP əməkdaşı Anar Qurbanlı ona yaxınlaşaraq avtomobili tentlə örtmədiyini irad tutub.
Şikayətçi qeyd edir ki, “avtomobilin texniki pasportunda “tentli-bortlu” qeyd olunub. Ona görə də avtomobilin tentsiz olmasının qanuna müvafiq olduğunu polis əməkdaşına bildirdim.

O məndən 100 manat pul tələb etdi. Əks - təqdirdə avtomobili cərimə meydançasına aparıb yenidən texniki baxışa saldıracağını bildirdi. Onun qanunsuz hərəkətlərinə etiraz etdikdə Post Patrul Xidməti çağıracaqları ilə məni hədələdi. Məcbur qalıb onun tələbinə riayət etdim.

Artıq bir aya yaxındır ki, avtomobilim cərimə meydançasında saxlanılır. Harada görülüb ki, nəqliyyat vasitəsi texniki baxışa görə cərimə meydançasına aparılsın? Bir neçə dəfə bu barədə yol polisi qaynar xəttinin “902” çağrı mərkəzinə, Daxili İşlər Naziri Vilayət Eyvazova, Baş Prokuror Kamran Əliyevə muraciət etmişəm.

Lakin bu günə kimi Yol Patrul Xidmətinin əməkdaşının ədalətsiz hərəkətinə son qoyan, onun barəsində ölçü götürən olmayıb.

Anar Qurbanlı qanunsuz hərəkətlərinə görə heç kimdən çəkinmədiyini bildirir.

Axı biz polis adına ləkə gətirən ANARLARIN dərəbəyliyindən nə vaxta kimi əziyyət çəkəcəyik?”

Sözügedən Polis əməkdaşı barədə qısa araşdırma apardıq. Deyilənlərə görə Anar Qurbanlını himayə edən onun dayısı oğlu iş adamı Zaur İbadovdur. Onun geniş biznesi və yüksək vəzifəli şəxslərlə yaxın əlaqələri var. O, bu münasibətlərindən maksimum yararlanaraq yaxın adamlarını hüquq mühafizə orqanlarına yerləşdirir.
Qeyd edək ki, Zaur İbadovun qardaşı Nahid İbadov və bibisinin digər oğlu, Anar Qurbanlının qardaşı Afiq Qurbanlı da Dövlət Yol Polisi əməkdaşıdır. Aldığımız məlumata görə adı çəkilən polis əməkdaşları da öz qanunsuz hərəkətləriylə Anardan geri qalmırlar.
Sonda bildirək ki, qanun və qayda bilməyən polis əməkdaşlarının havadarı Zaur İbadovun qaranlıq keçmişi var. O, tanınmış iş adamından oğurluq etdiyi üçün həbs olunub.

Mövzunu davam etdirəcəyik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

***

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev 7gun.org saytında dərc olunan “Masallıda polis özbaşınalığı” başlıqlı yazı ilə bağlı açıqlama verib. O, açıqlamada bildirir ki, sözügedən nəqliyyat vasitəsi texniki baxışdan keçmədiyinə və yerində aradan qaldırılması mümkün olmayan texniki nasazlıq aşkarlandığına görə Masallı RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən həmin avtomobil saxlanlaraq müvəqqəti duracağa yerləşdirilib. Sürücü barəsində müvafiq qaydada inzibati protokol tərtib edilib. Aşkarlanan texniki nasazlıq aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi sürücüyə təhvil verilib. Həmin sürücüyə qarşı hər hansı qanunsuz hərəkətə yol verilməsi ilə bağlı iddialar əsassızdır və həqiqəti əks etdirmir.


Masallı rayon Bədəlan kənd sakini Əfləddin Səfərov isə ona məxsus nəqliyyat vasitəsinin hələ də duracaqda saxlanıldığını deyir.