Lənkəran şəhər Yol Patrul Xidmətinin əməkdaşları haqlıdır?
Masallı rayon Ərkivan qəsəbəsinin sakini Mənsimov Elvar Nəsirağa oğlunun "7GÜN XƏBƏR"-ə etdiyi müraciət əsasında Lənkəran şəhər Yol Patrul Xidmətinin əməkdaşı Sadiq İbadov və digərləri tərəfindən 04 oktyabr 2021 -ci ildə əsassız olaraq 150 manat cərimə olunması barədə protokol tərtib olunması və təhqirə məruz qalması barədə şikayətini 14 mart 2022- ci il tarixdə Yol polisinin işlərində qüsurlar və problemlər sərlövhəli yazıda yayımlamışıq.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional Qrupunun baş inspektoru, polis baş letenantı Məhəmməd Rzayev redaksiyamızın elektron poçtuna göndərdiyi açıqlamada bildirir ki, Masallı rayon sakini Elvar Mənsimovun idarə etdiyi "VAZ 21074" markalı avtomobildə konstruksiya dəyişikliyi olunduğu üçün həmin nəqliyyat vasitəsi ötən ilin oktyabr ayının 4- də Lənkəran rayonu ərazisində Lənkəran ŞRPŞ- nin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq duracağa yerləşdirilib. Mütəxəssis rəyinə əsasən həmin nəqliyyat vasitəsinə konstruksiya dəyişikliyi edildiyi, arxa yayların kəsildiyi müəyyən edilib və sürücü də bunu izahatında təsdiq edib.
Məhəmməd Rzayevin yazdığı açıqlamasından görünür ki, Yol Patrul Xidmətinin əməkdaşı Sadiq İbadov və digərləri haqlıdır. Amma, mütəxəssis rəyinə əsasən arxa yayları kəsilib üzərində konstruksiya dəyişikliyi edilmiş avtomobili idarə etməyə sahibinə niyə icazə verilib? Yol Hərəkət Qaydaları haqqında mövcud qanunvericilik buna icazə verirmi? Digər tərəfdən mütəxəssisin avtomobilə baxış keçirtməsi və konstruksiya dəyişikliyini müəyyən etməsi anını əks etdirən foto və ya video material, həmçinin digər sübutlar varmı? Çünki, Elvar Mənsimov bildirir ki, avtomobilə mütəxəssis baxışı keçirilərkən sürücünün iştirakı zəruridir. Avtomobilin arxa yayları çıxarılmalı, halqalar sayılmalı və protokol tərtib olunmalıdır. Lənkəran şəhər Yol Polisi bölməsində onun avtomobilinə qanun-qayda ilə mütəxəssis baxışı keçirilməyib və avtomobilində həmin zaman hər hansı konstruksiya dəyişikliyi olmayıb.