Masallı Dövlət Yol Polisi əməkdaşlarının "çax-çux"u baş ağrıdır


Masallı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin inspektoru Ruslan Rəhimov rayonun Ərkivan qəsəbə sakini Araz Eynullayevi intihar həddinə çatdırıb. 7GÜN TV xəbər verir ki, bunu onun özü deyir.

Eynullayev Araz Əmənulla oğlu etibarnamə əsasında idarə etdiyi Vaz 2106 markalı 44-BT-707 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 17.08.2022-ci ildə saat 21:30 raddələrində evindən çıxdığını, Masallı-Ərkivan yolunda DYP əməkdaşlarının saxla tələbinə uyğun olaraq idarə etdiyi avtomobili yolun kənarında saxladığını deyir. Araz Eynullayevin sözlərinə görə YPX inspektoru Ruslan Rəhimov ona xidməti maşına oturmasını deyib: "İnspektor mənə saxlama səbəbi olaraq nəqliyyatı idarə etmə sənədinin ləğv edilməsini bildirdi. Mən YPX-nin maşınına oturan kimi məni Polis Şöbəsinə apardılar. Polis Şöbəsinin həyətində mənim avtomobilimin hər tərəfini təpədən dırnağa qədər axtardılar. Axtarış işi xeyli davam etdi. Mən onlara dedim ki, avtomobillə bağlı hər hansı problem varsa inzibati qaydada cəriməmi ödəyim. Polis əməkdaşları tam qanunsuz olaraq avtomobilimi cərimə meydançasına salmamaları üçün məndən 100 azn pul istədilər. Daha sonra məndən sidik analizi verməyimi tələb etdilər. Mən onların tələbinə əsasən analiz verdim. Analizin nəticələri tərtəmiz çıxdı. Sidik analizi verdikdən sonra məni Masallı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Asəf Mustafayevin qəbuluna apardılar".

Araz Eynullayev şikayətlənir ki, ümumiyyətlə, məhkəmənin qərarı olmadan hər hansı bir vətəndaşın avtomobilində Yol Polisinin axtarış aparması doğrudurmu?

Araz Eynullayev bildirir ki, Masallı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları dəfələrlə mənimlə belə rəftar edıblər. Onların mənə qarşı olan qeyri-qanuni hərəkətlərinə görə, hətta, özümə qəsd etmək barədə düşünürəm. Heç şübhəsiz mənim şikayətim araşdırılmazsa, mən intihar etmək məcburiyyətində qalacam.

İnanırıq ki, Araz Eynullayevin müraciəti Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən araşdırılacaq.

Mövzunu davam etdirəcəyik.