Pulsuz xəstələr baxımsızlıqdan əziyyət çəkir


Ölkənin səhiyyə müəssisələri də rüşvət və korrupsiya məngənəsində sıxılır. İnsanların sağlamlığının qorunmasından ötrü ayrılan büdcə vəsaitlərinin böyük qismi təyinatı üzrə xərclənməyərək mənimsənilir ki, bu barədə 7gun.org olaraq dəfələrlə məlumat vermişik. Xəstəxanalarda dərman preparatlarının və digər tibbi ləvazımatların qıtlığı adi hala çevrilib.

7gun.org-a müraciət edən Qənbərov Əvəz Zülfüqar oğlu səhhətindəki ciddi problemlərlə bağlı Xəzər rayonunda yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirildiyini, burada baxımsızlıqdan əziyyət çəkdiyini, xəstələrdən açıq-aşkar rüşvət alındığını, imkansız xəstələrin normal müayinə və müalicə olunmadığını deyir.

Məsələ ilə bağlı 7gun.org-a şifahi açıqlama verən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Tərlan Bəbirov Əvəz Qənbərovun iki gün öncə xəstəxanaya daxil olduğunu, onun müayinə və müalicəsi üçün bütün tədbirlərin icra olunacağını bildirdi.

Lakin əməkdaşlarımızın xəstəxanadakı müşahidələri ilə baş həkimin açıqlaması arasında ciddi fərqlər özünü göstərir.

7gun.org olaraq hazırda Əvəz Qənbərovun müsahibəsini təqdim edirik. Eyni zamanda bildiririk ki, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik.