Xəstələrə əzab verən Müalicə Müəssisəsi-VİDEO


7gun.org bir müddət öncə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müxtəlif xəstəliklərdən əziyyət çəkən məhkumlara yarıtmaz tibbi xidmət göstərilməsi, dərmanların keyfiyyət göstəricilərinin aşağı səviyyədə olması və buna görə də bir çox hallarda təyinatlı dərman prepatlatının xəstələrin özləri tərəfindən alınıb istifadə edilməsi, xəstəxananın baş həkimi Nicat Cəlilovun qanunsuz əməl və hərəkətləri barədə məqalə dərc etmişdi.

Məqalə azadlığa çıxan məhkumlardan və onların yaxın qohumlarından əldə etdiyimiz məlumatlar əsasında hazırlanmışdı. Lakin Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəhbərliyi Müalicə Müəssisəsinin baş həkimi Nicat Cəlilovun "dərman biznesi" və tibb müəssisəsinin normal fəaliyyət göstərməsinə əngəllər yaratması barədə məlumatımıza susqunluq nümayiş etdirdi.

Müalicə Müəssisəsində olan keçmiş məhkumların bildirdiyinə görə daxil olan xəstələrdən məcburən rüşvət alınmasından ötrü onları karantin adı altında müalicə etmədən günlərlə qəbul şöbəsində saxlayır və bəzi xəstələri müalicə etmədən geri qaytarırlar. Həm də məhkum xəstələrdən şəraiti normal və sıxlığı az olan palatalara görə müxtəlif məbləğlərdə rüşvət alınır. Məhkum xəstələrin şikayətləri yoxlanılmır.

Müalicə Müəssisəsində tibbi xidmətdən narazılıq edənləri müalicə kursu başa çatmamış çəza çəkmə müəssisələrinə qaytarırlar. Hətta ağır xəstəlikdən əziyyət çəkən bəzi məhkumlar fiziki işgəncələrə məruz qalırlar.

Müalicə Müəssisəsinə daxil olan bahalı və keyfiyyətli dərmanlar istifadə edilmədən baş həkim Nicat Cəlilova və Baş Tibb İdarəsinin bəzi əməkdaşlarına məxsus olan apteklərdə satışa çıxarılır. Göründüyü kimi əldə etdiyimiz məlumatlar ciddi araşdırma tələb edir.

Ümid edirik ki, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəhbərliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində baş verən olayları və baş həkim Nicat Cəlilovun qanunsuz əməl və hərəkətləri barədə qeyd etdiyimiz məlumatları araşdırıb müvafiq tədbir görəcəkdir.

Araşdırmanı davam etdirəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qalib Həsənov
Xəstələrə əzab verən Müalicə Müəssisəsi