Mingəçevirdə bağçaların mövcud vəziyyəti
7gun.org 17 fevral 2019-cu il tarixdə ölkədəki körpələr evi-uşaq bağçaları barədə məqalə dərc edərək, onların maddi-texniki bazasının yaxşılaşdırılmasından ötrü dövlət büdcəcəsindən ayrılan vəsaitlərin çox hissəsinin təyinatı üzrə xərclənməyərək mənimsənilməsi və bunun nəticəsində uşaq bağçalarında acınacaqlı vəziyyət yaranması barədə məlumat vermişdi. Məqalədə bir sıra rayonların uşaq bağçaları-körpələr evində daha ağır durumun mövcudluğunu göstərmişdik. Mingəçevir şəhərində fəaliyyət göstərən körpələr evi-uşaq bağçaları bu qəbildəndir.Əldə etdiyimiz məlumatlara görə Mingəçevir şəhərində
1 nömrəli “Lalə” körpələr evi-uşaq bağçası, 2 nömrəli “Bənövşə” körpələr evi-uşaq bağçası, 3 nömrəli “Gülüstan” körpələr evi-uşaq bağçası, 4 nömrəli “Göyərçin” körpələr evi-uşaq bağçası, 5 nömrəli “Arzu” körpələr evi-uşaq bağçası və digər bağçalarda körpələrin və uşaqların ərzaqla və yatacaq dəstləri ilə təminatı sahəsində ciddi qüsurlar vardır. Körpələr evi-uşaq bağçalarında uşaqların real sayı ilə sənədlərdə göstərilənlər arasında əsaslı fərq meydana çıxır. Qondarma siyahılar büdcədən mənimsənilən vəsaitləri ört-basdır etmək üçündür. Körpələr evi-uşaq bağçalarında anti-sanitar mühit var, zəruri olan cari təmir işləri üçün ayrılan vəsaitlərdən də tam istifadə edilməmişdir. Bəzi məlumatlara görə Mingəçevir şəhərinin körpələr evi-uşaq bağçalarında bir çox hallarda tərbiyəçi-müəllimələrin əvəzinə heç bir ixtisası olmayan şəxslər işləyir. Təbii ki, bu hal uşaqların təlim-tərbiyəsində arzuolunmaz nəticələr verə bilər.
Mingəçevir şəhər rəhbərliyinin körpələr evi-uşaq bağçalarında yaşanan acınacaqlı vəziyyətdən xəbəri vardır. Lakin dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi prosesində İcra Hakimiyyəti Başçısı aparatının səlahiyyətli nümayəndələri iştirak etdiklərinə görə həmin körpələr evi-uşaq bağçalarının müdiriyyətlərinin qanunsuz əməlləri barədə heç bir tədbir görülmür.
Növbəti saylarımızda Mingəçevir şəhər körpələr evi-uşaq bağçalarında rəsmi sənədlər üzrə uşaqların sayları və gündəlik davamiyyəti, uşaqlara verilən ərzaqların normativ göstəricilərə və standartlara uyğunluğu, texniki-inventar sisteminin vəziyyəti və digər məsələlər barəsindədə 7gun.org araşdırmalarını davam etdirəcək və nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat verəcək.