Rüşvət barədə xəbər yayan jurnalist qətlə yetirilib


İşə gedərkən itkin düşdüyü bildirilən pakistanlı jurnalistin cəsədi bir neçə saat sonra su kanalında tapılıb. Ailəsi jurnalistin vəhşicəsinə öldürüldüyünü bildirir. Lakin onlar qətlin arxasında kimin dayandığı barədə heç bir məlumatlarının olmadıqlarını söyləyirlər.

Bazar günü işə gedərkən itkin düşən 56 yaşlı Əziz Memon Sindh vilayətinin cənub-qərbindəki yerli bir televiziya kanalında reportyor və operator kimi fəaliyyət göstərirdi.

Polis rəisi Məhəmməd Faruq cəsədin Mehrabpur kəndindəki bir kanalda tapıldığını və istintaqın davam etdiyini bildirib. Jurnalistin qaçırılması və öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

Mərhumun qardaşı Əbdül Hafez Memonun keçən il həmin ərazidə müxalifətin mitinqində iştirak etmək üçün yerli sakinlərə rüşvət təklif edən siyasətçi barədə xəbər yaydıqdan sonra təhdidlər aldığını söyləyib.

Beynəlxalq Jurnalistlər Federasiyası və onun Pakistan filialı - Federal Jurnalistlər Birliyi hökumətdən təhqiqat aparılmasını istəyib.

Pakistan jurnalistlər üçün təhlükəli yer hesab olunur və jurnalistlərə hücumda əli olanlar nadir hallarda cəzalandırılır. Ölkədə son illər insan hüquqları müdafiəçiləri, fəallar, jurnalistlər və vətəndaş cəmiyyəti üzvlərinə qarşı basqıların artdığı müşahidə edilir.

Hərbi diktatorları tənqid edən və mətbuat azadlığını müdafiə etdiklərinə görə döyülən və həbs edilən jurnalistlər hazırda təhlükəsizlik orqanlarının rəhbərliyi altında tənqidin qarşısını almaq üçün daha incə, lakin eyni dərəcədə təhlükəli bir senzura forması ilə qarşılaşdıqlarını söyləyirlər. Amerikanın Səsi