Jurnalist ifadə verməkdən imtina edib


Şənbə günü DTX-nın İstintaq Təcridxanasında jurnalist Polad Aslanov dindirilib. Dindirmədə vəkil Osman Kazımov da iştirak edib. 7gun.org Turan.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistin xanımı Gülmirə Aslanova məlumat verib. 

“Lakin Polad Aslanov istintaqın qərəzli aparılmasına etiraz edərək bir daha ifadə verməyəcəyini bildirdi. 5 aydan çoxdur ki, o, DTX-nın istintaqı altındadır. Bu müddətdə onun günahını  sübut edən heç bir fakt təqdim edilməyib”, - G.Aslanova  şənbə günü təcridxanada həyat yoldaşı ilə görüşdən sonra bildirib.

“Polad Aslanov bildirdi ki, jurnalistdir, fəaliyyəti göz önündə olub, dövlətə xəyanət edəcək heç bir əməli olmayıb”, - G.Aslanova qeyd edib.

Onun sözlərinə görə, özünün və P.Aslanovun ölkə rəhbərliyinə, DTX rəisinə, baş prokurora və digər vəzifəli şəxslərə müraciətləri nəticəsiz qalıb.  

Xatırladaq ki, xeberman.comsaytının redaktoru Polad Aslanov iyunun 12-də saxlanılıb. Növbəti gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Ona qarşı CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır. Oktyabrın 5-də jurnalistin həbs müddəti daha 4 ay uzadılıb.

Yerli və beynəlxalq təşkilatlar Polad Aslanova qarşı cinayət təqibini pisləyiblər və hesab edirlər ki, onun həbsinin əsl səbəbi jurnalist fəaliyyəti ilə bağlıdır.