Öldürülən jurnalistin işi yenə Ali Məhkəmədə araşdırıldı


2015-ci ilin avqustunda döyülərək öldürülən jurnalist Rasim Əliyevin ölümü ilə bağlı məhkəmə araşdırmaları hələ də davam edir. Aprelin 3-də Ali Məhkəmədə jurnalistin ölümündə suçlanan beş nəfərdən biri olan Kənan Mədətovun kassasiya şikayətinə baxılıb.

R.Əliyevin döyülüb öldürülməsində iştirakda təqsirli bilinib 9 il həbs cəzası alan K.Mədətovun vəkili Rəsul Yusifbəyli müvəkkilinin günahsız olduğunu deyir. O, məhkəmədə çıxışında bildirib ki, hadisə vaxtı müşahidə kameralarının qeydə aldığı görüntülər də onun təqsirsizliyini sübut edir: «Görüntülər iş materiallarında var. Baxın, görün ki, Kənan Mədətov Rasim Əliyevi vurubmu? Əksinə, ayırmağa çalışır».

Vəkil bildirib ki, R.Əliyevin ölümündə birbaşa həkimlərin günahı var, amma onlar məsuliyyətdən kənarda saxlanılıb: «Mərhum Rasim Əliyev hadisədən sonra özü xəstəxanaya gedib, sərbəst şəkildə danışıb, müsahibə verib. Araşdıran olmadı ki, bəs necə oldu, onun vəziyyəti birdən-birə pisləşdi, dünyasını dəyişdi?».

Məhkəmədə R.Əliyevin anası Teyfurə Əliyeva da iştirak edib. Zərərçəkmişin hüquqi varisi qismində çıxış edən T.Əliyeva vəkilin çıxışıyla razılaşmadığını, oğlunun ölümündə K.Mədətovun da rolu olduğunu söyləyib.

Hafiz Nəsibovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra jurnalistin ölümünə görə cəzalandırılan şəxslər barədə hökmün dəyişdirilmədən qüvvədə saxlandığını elan edib.

Xatırlatma
Jurnalist R.Əliyevi futbolçu Cavid Hüseynovla Facebook şəbəkəsində yaşadığı insident zəminində 2015-ci il avqustun 8-də bir qrup şəxs döymüşdü. Bir gün sonra isə o, Kliniki Tibbi Mərkəzdə vəfat etmişdi.

Bu hadisə ilə əlaqədar K.Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu C.Hüseynov tutulub. İstintaqın sonunda C.Hüseynov haqqında cinayət işi ayrılıb.

Cinayəti bilib xəbər verməməkdə suçlanan C.Hüseynov 2016-cı il mayın 31-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi 2016-cı il oktyabrın 12-də onun cəzasını 1 il 2 aya endirib və o, azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Mədətov və S.Mustafayevin hər biri 9 il, C.Məmmədov 11 il, A.Əliyev 12 il 6 ay, E.İsmayılov isə 13 il azadlıqdan məhrum edilib.

Jurnalistin valideynləri və onların müdafiəçiləri verilmiş hökm və qərarlarla razılaşmırlar. Onlar hesab edir ki, jurnalistin ölümünə görə vəfat etdiyi xəstəxananın həkimləri də məsuliyyətə cəlb edilməli idi. Üstəlik, onlar düşünürlər ki, futbolçu C.Hüseynovun bu məsələdə məsuliyyəti yalnız cinayəti bilib gizlətməkdən ibarət deyildi.