AzTU-nun nümayəndə heyəti Türkiyəyə səfər edib


Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.

7gun.org xəbər verir ki, bu barədə AZƏRTAC-ın müxbirinə məlumat verən rektor səfərin əsas məqsədinin Türkiyənin qabaqcıl universitetləri ilə elmi-texniki, innovasiya, texnoloji yeniliklərin tətbiqi sahəsində əməkdaşlıq, tələbə-müəllim və təcrübə mübadiləsi, ikili diplom kimi məsələlərin müzakirəsi olduğunu bildirib.

Qeyd edilib ki, görüşlər, əsasən, Türkiyənin qabaqcıl araşdırma və elmi-tədqiqat universitetlərində keçiriləcək. Qardaş ölkənin bu ali təhsil müəssisələrinin elmi təcrübələri və onların əmək bazarında əlaqələri öyrəniləcək. Bundan əlavə, Türkiyənin ən böyük ali təhsil müəssisələrindən olan İstanbul Texniki Universitetinin texnoparklarının innovasiya mərkəzlərinin təcrübələri ilə yaxından tanış olunacaq.

V.Vəliyev yaxın vaxtlarda genişmiqyaslı əməkdaşlıq müqavilələrinin imzalanmasının planlaşdırıldığını bildirib.

On gün davam edəcək səfər əsnasında Türkiyədə təhsil standartlarının öyrənilməsi, yeni növ kitabxanaların qurulması, sosial, innovasiya və inzibati normalarla tanışlıq məqsədilə ölkənin Ali Təhsil Şurasında da görüşlər keçiriləcək. Bu standartların gələcəkdə AzTU-da tətbiqi məsələləri müzakirə olunacaq.

Nümayəndə heyətini ölkəmizin Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova müşayiət edir.