Azərbaycanda yeni Ombudsmanı Səbinə Əliyeva oldu
Yeni Ombudsman hakim partiya sədrinin müavininin xanımıdırNoyabrın 29-da Milli Məclisin iclasında Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) adı bəlli olub.
7gun.org Amerikaninsesi.org-a istinadən xəbər verir ki, iclasda Ombudsman vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Səsvermə nəticəsində Səbinə Əliyeva səs çoxluğu ilə Azərbaycanın yeni Ombudsmanı seçilib.
Deputatlardan 104 nəfəri onun namizədliyinin lehinə səs verib.
Səsvermədən sonra Səbinə Əliyeva Ombudsman kimi deputatlar qarşısında and içib.
O, ölkə başçısına və deputatlara təşəkkürünü bildirib və bu vəzifəyə seçilməyin böyük şərəf olduğunu deyib:
"Mənə etimad göstərib bu vəzifəyə namizədliyimi Milli Məclisə təqdim etdiyinə görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirəm ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və ölkə başçısı İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminin fəaliyyətinə töhfə verilməsi, bununla da cəmiyyətdə gedən hərtərəfli inkişaf prosesinin dəstəklənməsi üçün bütün səylərimi əsirgəməyəcəm”.
Həmin vəzifəyə Prezident İlham Əliyevin adından Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyi irəli sürülmüşdü. Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva idi.
Səbinə Əliyeva 1980-cı ildə anadan olub, ali hüquq təhsili var. O, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, parlamentin ictimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşıdır. Yerli media Səbinə Əliyevanın geniş ictimaiyyətə məlum olmadığını yazır.
Azərbaycanda Ombudsman Aparatı 2002-ci ildə yaradılıb. O vaxtdan Ombudsman vəzifəsində Elmira Süleymanova çalışırdı.
Hüquq müdafiəçilərinin onun fəaliyyətinə münasibəti birmənalı olmayıb. Bəzi hüquq müdafiəçiləri onun fəaliyyətini ümumən müsbət dəyərləndirsələr də, bir çoxları da tənqidi yanaşıblar.
Tənqidçilər deyirlər ki, son illər Azərbaycanda polis və cəzaçəkmə müəssisələrində işgəncələrin olması ilə bağlı şikayətlər getdikcə artır, amma rəsmi qurumlar kimi, Ombudsman Aparatı da onların obyektiv araşdırılmasına lazımı səylər göstərmir. Rəsmilər işgəncə şikayətlərini, bir qayda olaraq, əsaslı saymırlar.