Azərbaycanlı siyasi mühacirlər saxlanılıb -Almaniyada
Almaniya polisinin qeyri-leqal miqrasiyaya qarşı mübarizə çərçivəsində apardığı reydlər zamanı bir qrup azərbaycanlı siyasi mühacir saxlanılıb. Onlar gəlir əldə etmək üçün Azərbaycandan miqrantların Almaniyaya qanunsuz gətirilməsində şübhəli bilinirlər. 7gun.org-ın Turan.az-a istinadən məlumatına görə bu barədə “Spiegel.de” yazır.
Saxlanılanların arasında “Leqat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev, Müsavatın Avropadakı Koordinasiya Mərkəzinin rəhbəri İlham Həsən, onun müavini Mehdi Xəlilbəyli, həmçinin fəallar Abdin Cavadov, Rəşad Məmmədov, Elşən Abdullayev və 9 və 14 saylı koloniyanın keçmiş rəhbəri Elçin Əkpərov da var.
Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı atasının noyabrın 13-də Berlinə gedərkən saxlanıldığını Turan-a təsdiqləyib.
T.Rüstəmxanlı atasının saxlanmasının səbəbini bilmir. Saxlanılan şəxsin qardaşı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının sözlərinə görə, Əlövsət AFR-ə gedən azərbaycanlılara yardım göstərib.
“Hazırda adamlar kütləvi şəkildə Azərbaycandan Almaniyaya gedir və Əlövsət ona müraciət edənlərə hər cür kömək edirdi. Hakimiyyətin əvvəllər də Əlövsətlə bağlı problemləri vardı, əminəm ki, indi də eyni şey olacaq”, - o deyib.
Öz növbəsində Müsavat Partiyasından Turan agentliyinə bildiriblər ki, vəziyyəti aydınlaşdırandan sonra məsələyə münasibət bildirəcəklər.