Jurnalistin şəxsiyyət vəsiqəsindən istifadəsinə məhdudiyyət qoyulub
Nəsimi rayon Məhkəmə Qərarlarının İcrası və Probasiya şöbəsi icraatında olmayan iş üzrə Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsindən istifadəsinə məhdudiyyət qoyub. 7gun.org xəbər verir ki, bu barədə Turan-a hüquqları məhdudlaşdırılan jurnalist Tatyana Kryuçkina bildirib.
Onun sözlərinə görə, məhdudiyyət təxminən bir ay əvvəl qoyulub.
“Bir neçə il əvvəl tanış adam bankdan kredit götürərkən onun üçün zamin durdum. Tanışım pulunu ödəyə bilmədi və təxminən bir il əvvəl "Azər Türk Bank" ASC borclunu və məni məhkəməyə verdi. Ölkədən çıxışıma qadağa qoyuldu. Lakin ilin əvvəlində prezident İlham Əliyev fiziki şəxslərin problemli kreditlərinin həllilə bağlı fərmanı imzalayandan sonra ölkədən çıxışıma qadağa götürüldü və iş məhkəmədən banka qaytarıldı. Fərmanda yazılıb ki, cari ilin sonuna qədər vətəndaş banka yaxınlaşmalıdır, orada kredit restukturizasiya edilib, təzə müqavilə imzalanmalıdır”, deyə jurnalist bildirib.
Amma bu müddətin başa çatmasını gözləmədən və bank məhkəməyə müraciət etmədən, Nəsimi rayon məhkəməsinin icra məmuru Murad Xudaverdiyev Kryuçkinanın şəxsiyyət vəsiqəsinə məhdudiyyət qoyub.
İş məhkəmədə deyilsə, hansı əsasla bu məhdudiyyəti qoyduğu haqqında suala cavabda məmur icra haqqında qanuna istinad edib. O, bankdan prezidentin fərmanının bu kreditə tətbiq edildiyi haqqında məktub tələb edib. Amma bu məktub bankdan məhkəməyə avtomatik gəlir.
Jurnalist hüquqlarının pozulması faktı ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir.
Öz növbəsində, vəkil Əsabəli Mustafayev Turan-a bildirib ki, vətəndaşların şəxsiyyət vəsiqəsinə məhdudiyyət qoyulması qanunla qadağan edilib.
“İlk dəfədir bunu eşidirəm. Məhkəmə ölkədən çıxışa qadağa qoya bilər, mülkiyyəti siyahıya ala bilər, amma şəxsiyyət vəsiqəsinə məhdudiyyət qoymaq olmaz. Xüsusilə, nəzərə alsaq ki, iş məhkəmənin icraatından çıxıb”, deyə Mustafayev bildirib.
Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsindən Turan-a bildiriblər ki, vətəndaş icra məmurunun hərəkətlərindən Ədliyyə Nazirliyinə rəsmi şikayət verə bilər.