GDU-nun müəllimləri: "Rektor deyir ki, müəllimlərin maaşlarının qaldırılmasından söhbət belə gedə bilməz"


Gəncə Dövlət Universitetinin (GDU) bir qrup müəllimi prezident İlham Əliyevə, Təhsil naziri Ceyhun bayramova və şəhərin icra başçısı Niyazı Bayramova müraciət ünvanlayıb.

7gun.org xəbər verir ki, GDU müəllimi Urfan Məmmədovun adından Arqument.Az-a daxil olan məlumatda universitetdə baş verən qanunsuzluqlardan bəhs olunur. 

Məktubda bildirilir ki, ali təhsil müəssisəsi talan olunur: "Cənab Prezident, biz Gəncə Dövlət  Universitetinin müəllimləriyik. Sizin  müvafiq fərmanına əsasən sentyabrın 1-dən maaşlar müəyyən qədər qaldırılıb. Bu fərman GDU-da icra olunmur. Ödənişli oxuyan tələbələrdən universitetə daxil olan vəsait isə rektor  tərəfindən istədikləri kimi talan olunur. Rektorun qardaşı Cavanşir Yusibov  Maliyyə Nazirliyinin aparat rəhbəri olduğundan bu pulların hesabatını ondan soruşan yoxdur".

"Rektor deyir ki, müəllimlərin maaşlarının qaldırılmasından söhbət belə gedə bilməz. Yalnız texniki işçilərin ştatlarına belə fərq qoyulmadan süpürgəçi ilə eyni maaş - 250 manat olacağı barədə məlumat verilib. Bundan başqa, binalardakı otaqların hamısının nömrəsi və laboratoriyaların adları yazılmış lövhələr var. Bunlar çox səliqəli şəkildə yazılıb. Rektor bu nömrələrin təzədən yazılması ilə bağlı göstəriş verib və bildirir ki,bunun üçün hər kafedra  250-300 manat pul verməlidir. Hələ bizə maaş verilmədiyi halda, bizdən bu qədər pul tələb edirlər. Biz bu pulu haradan alıb verməliyik? u lövhələr çox səliqəli və müasir şəkildə yazıldığına görə onların dəyişdiriməsinə lüzum yoxdur. Əgər dəyişdirilirsə belə, bunu universitetin büdcəsindən ödəmək lazımdır", - məktubda qeyd olunur.

Şikayətçilərin sözlərinə görə, onlar hətta hədə-qorxu ilə üzləşiblər:  "Xahiş edirik, bu özbaşınalığın qarşısını alasınız. Maaşlarımız belə verilmədiyi halda bizdən nəyə görə məcburi pul tələb edirlər? Rektorun köməkçiləri Elsevər Nağıyev, prorektor Fəxrəddin Həsənov rektorun adından hamıya hədə-qorxu gəlib pul tələb edirlər".

Yazıdakı iddialara bağlı GDU-dan mövqe öyrənə bilmədik. Adıçəkilən şəxslərin münasibətini də dərc etməyə hazırıq.