İcra başçısı su problemini niyə həll edə bilmir?
Salyan rayonunun Çadırlı kənd sakinləri Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmova açıq müraciət edib. Müraciətdə kənd camaatı Salyan rayon suvarma sistemləri idarəsinin fəaliyyətindən narazılıqlarını qeyd ediblər.Müraciətdə deyilir:“Hörmətli Sevindik müəllim, uzun illərdən bəri Salyan rayonunun Çadırlı kənd camaatı içməli və suvarma üçün su problemindən əziyyət çəkir. Xüsusilə də yay aylarında kəndlilər öz torpaqlarını əkib-becərmək üçün suvarmağa su tapa bilmirlər. Kəndlinin əkib-becərdiyi bitkilər yay aylarında kənddə su olmadığı üçün məhv olur, insanların əziyyəti hədər gedir.
Cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bəyan edir ki, icra başçıları kənd təsərrüfatının inkişaf etdirilməsinə öz töhfəsini əsirgəməməlidir, camaatın yanında olmalıdır və sairə. Çadırlı kəndində uzun illərdən bəri su probleminin olması barədə dəfələrlə Salyan rayon İcra Hakimiyyətinə, rayon ərazi nümayəndəsinə və digər müvafiq yerlərə məlumat verilsə də, təəssüflər olsun ki, indiyədək problem həllini tapmayıb.
Kənddə əkin üçün su probleminin birdəfəlik həllinə o qədər də vəsait tələb olunmur. Kür çayı kəndin təqribən bir neçə kilometrliyində yerləşir. Çox az vəsait xərcləməklə kəndin su təminatını təşkil etmək olar. Ancaq Çadırlı kəndi yaz-yay-payız aylarında su üzünə həsrətdir. Axı yeganə gəlir yeri kənd təsərrüfatı olan camaatın dövlətdən narazı salınmasına nə üçün göz yumursunuz? Çox təəssüf ki, sizdən öncə işləmiş icra başçıları kəndin su problemini həll etmək istəmədilər. Halbuki, onların bu problemi həll etmək imkanı elə su içmək kimi asan idi.
Hörmətli Sevindik müəllim, cənab Prezidentimizin rayonumuza təyin etdiyi icra başçısı kimi sizə hələ də böyük inamımız var. İnanırıq ki, Çadırlı kəndinin suvarma problemi nəhayət ki, bu yaya qədər həll olunacaq. Buna görə də camaatımız böyük səbrsizliklə sizin kəndə gələcəyiniz günü gözləyir”. /Demokrat.az/